Böyük Azərbaycan maarifçisi, pedaqoq, şair-publisist Məhəmməd Tağı Sidqi Ordubadda “Əxtər”, Naxçıvanda isə “Tərbiyə” məktəbini təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin əsas təşkilatçılarından olmuşdur. Xalqın maariflənməsi üçün elmin, məktəbin əhəmiyyətini dərk edən böyük mütəfəkkirimiz uşaqların məktəbə cəlbi üçün çox çalışmışdır. Onun “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Məktəb hekayələri” kitabında məktəbin, elmin əhəmiyyətindən, ədəbli olmağın, yalançılıq və qorxaqlıqdan uzaq olmağın yollarından geniş bəhs edilmişdir. Sidqi öz hekayələrində insanın əvvəlinci vəzifəsinin elm təhsil etmək olduğunu göstərmiş, elmsiz insanı ruhsuz cisim kimi qiymətləndirmişdir. Elmə talib olanı isə alim hesab etmiş, amma özünü elmə malik biləni cahil kimi qələmə vermişdir. Hekayələrini oxuduqca məndə maarifçi, şair və pedaqoqun orijinal bir uşaq yazıçısı olması barədə əyani təsəvvür yarandı.
“Məktəb hekayələri”ndə “Məktəb nədir?” – sualına cavab axtarılır. “Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir. Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Məktəb cəhalət dərdinin dərmanı və mərifət bağının xiyabanıdır ki, həmişə cahilləri alim və divanələri aqil eylər. Məktəb bir cismə bənzər ki, onun ruhu müəllimdir”.
“Məktəbə gec gələn uşaq” hekayəsində məktəbə vaxtında gəlməyin vacibliyindən söhbət açılır və məktəbə gecikmək tənqid olunur. Böyük mütəfəkkirin bu qəbildən olan hekayələri elmə, bilikli və savadlı olmağa, məktəbin görmədiyimiz, bilmədiyimiz tərəflərini dərindən dərk etməyə biz şagirdlərdə maraq oyadır.
Yazıçının pedaqoji mülahizələr və tərbiyəvi misallarla zəngin əsərlərini oxuduqca insanın həyata baxışı dəyişilir, dünyagörüşü artır, düşüncələri yeni-yeni yaradıcı fikirlərlə daha qabarıq şəkildə əks olunur. Mən çox sevinirəm ki, biz məktəblilər bu böyük şair, maarifçi və pedaqoqun hekayələrini oxuyub onları öz aramızda müzakirə edir, öyrəndiyimiz dəyərli nəsihətləri bir-birimizlə paylaşırıq. Çünki Məhəmməd Tağı Sidqinin əsərləri, həqiqətən də, heç nə ilə əvəz olunmayan ən qiymətli xəzinə, sözün əsl mənasında, bizim üçün böyük bir “Məktəb”dir.
Fəridə MƏMMƏDOVA
Babək rayon Şəkərabad kənd tam orta məktəbinin X sinif şagirdi