Xəbər verdiyimiz kimi, mart ayında Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi münasibətilə Naxçıvan xanlığının tarixindən bəhs olunan “Ehsan xan Kəngərli” tamaşasının premyerasında iştirak etmək üçün tarixi əsərin müəllifi Xaqani Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Zülfiyyə Eldarqızı və Əməkdar artist Sərvər Əliyev Naxçıvanda olublar.
Qonaqlar səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində təhsil alan tələbələrlə görüşüb onlar üçün zəruri olan əlavə dərs vəsaitləri göndərməyi qərara alıblar.
Bu günlərdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin məsul işçisi, universitetin müəllimi, Xalq artisti Kamran Quliyevdən həmin kitabları tələbələrə çatdırmağı xahiş edən ziyalılar, gənclərə məktub da ünvanlayıblar. Məktubda deyilir:
“Əziz tələbələr! Kitab tədris materialı olaraq maarifçilik yükünü daşımaqla, keçmiş və müasir mədəniyyət düşüncəsini birləşdirməklə, yeni nəslin vətənpərvərlik tərbiyəsini, milli-mənəvi özünüdərki zənginləşdirir və daha da möhkəmləndirir. Kitab oxuyarkən axtardığımız suallara cavablar tapırıq, təfəkkürümüz qidalanıb genişlənir. Elm mənbəyi olan kitab fərd kimi yox, məhz şəxs kimi yetişməyimizə kömək edir.
Gəncliyimizin savadlı böyüməsi üçün valideynlər, müəllimlər, ziyalılar, ədiblər və dövlət xadimlərimiz öz məsləhət və qayğılarını heç vaxt əsirgəmirlər. Bunun bariz nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamını göstərə bilərik. Gənc nəslin şəxsiyyət kimi yetişməsinə kömək edəcək bu sərəncam kitab oxumağa valideyn çağırışıdır. Azərbaycan gəncində vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına yardım edəcək mükəmməl və müdrik Ağsaqqal məsləhətidir. Yalnız insana məxsus olan, heç vaxt köhnəlməyən daxili və zahiri hissləri öz vərəqlərində yaşadan kitablara verilən yüksək ziyalı qiyməti və dəyəridir.
Əziz tələbələr! Çox çətin, xüsusi istedad, bacarıq və zəhmət tələb edən sənət seçdiyinizə görə, cəsarətinizə heyran olmamaq mümkün deyil. Məqsədinizə çatmaq, Vətənə, mədəniyyətimizə layiqli övlad kimi yetişməyiniz üçün böyüklərin məsləhətlərinə əməl etməli, usanmadan kitab oxumalı və savadlı olmalısınız. İnanırıq ki, seçdiyiniz sənətin qaranlıq məqamlarını anlamaqda, yaxşı mütəxəssis kimi yetişməkdə oxunması vacib olan, hədiyyə kimi göndərdiyimiz bu dərsliklər yardımçınız olacaqdır. Çox istərdik ki, onları sevə-sevə, düşünərək, anlayaraq oxuyasınız.
Gələcəyimizin sahibi olacaq siz gənclərə, kövrək addımlar atmağa başladığınız həyat yolunda uğurlar və müvəffəqiyyətlər arzulayırıq”.
Qeyd edək ki, hədiyyə olunan 30-a yaxın kitab tələbələrin istifadəsi üçün Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq kafedrasına verilib.
Səadət Əliyeva