Göstərilən dövlət qayğısı muxtar respublika gənclərinin istedad və intellekt
potensiallarının inkişafına xidmət edir
Xalqımızın böyük oğlu Heydər Əliyev harada olmasından və yaşamasından asılı olmayaraq, gənclərimizin layiqli, bilikli, təhsilli vətəndaş kimi yetişmələrinin, daim əsl azərbaycanlı mövqeyində dayanmalarının vacibliyini dönə-dönə vurğulayaraq deyirdi: “Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır…”
Muxtar respublikamızda da gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndirilməsi, onların fəxri adlarla, qiymətli hədiyyələrlə mükafatlandırılması muxtar respublika gənclərinin öz üzərlərində daha səylə çalışmalarına güclü təkan verir.
Belə gənclərimizdən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamına əsasən adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na təhsil sahəsi üzrə salınan Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin onuncu sinif şagirdi Siyavuş Bağırovdur. Bu xəbər onun müəllim və valideynlərinin böyük sevincinə səbəb olub.
Tarix müəllimi Xülya Seyidzadənin şagirdi haqqında dedikləri:
– Muxtar respublikamızda istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına diqqət yetirilir və bu istiqamətdə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Məktəbimizdə də öz elmi, təhsili, təlim-tərbiyəsi ilə seçilən belə şagirdlərimiz çoxdur. Onlardan biri də Siyavuşdur. O, kiçik yaşlarından öz bilik və bacarığı ilə yaşıdlarından fərqlənirdi. IX sinfi fərqlənmə attestatı ilə bitirib. İndiyədək müxtəlif nailiyyətlər əldə edib. Belə ki, “İstedad – XXI əsr” hazırlıq kursları tərəfindən keçirilən sınaq imtahanlarında dəfələrlə 700 bal toplayıb. 2016-cı ildə həmin kurs tərəfindən keçirilən “10 qazanan” intellektual yarışın qalibi olub, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Kitab bilik mənbəyidir” müsabiqəsində II yerə, 2017-ci ildə muxtar respublika fənn olimpiadalarında Riyaziyyat fənni üzrə I yerə layiq görülüb. Həmin il Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Nuh yurdu” intellektual oyununda fərqlənmə diplomu ilə mükafatlandırılıb. 2018-ci ildə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Nə? Harada? Nə zaman?” oyununda I yer tutub. 2018-2019-cu illərdə keçirilən “Xəmsə” intellektual oyunlarının hər ikisinin qalibi olub.
Siyavuşla həmsöhbət olduğumuzda o qeyd etdi ki, ailədə atam, anam, nənəm ziyalıdır. Ətrafımdakı insanların təhsilə olan sevgisi məni də məktəbə ilk qədəm qoyduğum gündən yaxşı oxumağa, biliklərə yiyələnməyə sövq edib. Çünki görmüşəm ki, təhsilli olmaq hər zaman, hər yerdə böyük nailiyyətlər əldə etməyə kömək edir. Bu gün yaşadığım sevinci sözlə ifadə etmək çox çətindir. Mənə və mənim kimi yüzlərlə şagirdə göstərilən qayğıya görə minnətdaram.
Bu günlərdə Ali Məclis Sədrinin Sərəncamı ilə adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılan və incəsənət sahəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən Culfa şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Duyqu Əliyeva da gənc istedadlardan biridir. Onun teatra böyük sevgisi var. Özü də ən çətin spesifikası olan pantomimdən başlayıb və artıq 3 ilə yaxındır ki, “Haçadağ” dram kollektivinin tərkibində fəaliyyət göstərir. Duyqunun sözlərinə görə, dərnəkdə iştirak etməsi ona imkan verir ki, istedad və bacarığını göstərə bilsin: – Burada hazırlanan və oynadığım səhnəciklər mənə çox şey öyrədir. Qazandığımız uğurlar məni çox sevindirir. Naxçıvanda ilk dəfə keçirilən “Yaradıcı gənclər festivalı”nda “Teatr yaradıcılığı” nominasiyası üzrə birinci yerə layiq görüldük. Bu uğur məni daha da həvəsləndirdi.
Duyqu incəsənət sahəsində qazandığı nailiyyətlərə görə dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib: – Ali Məclis Sədrinin Sərəncamını eşidəndə sevincimin həddi-hüdudu yox idi. Həmişə çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. İncəsənət sahəsi üzrə fəaliyyətimi gələcəkdə də uğurla davam etdirmək niyyətindəyəm.
Duyqunun dərnək müəllimi, pantomim dram dərnəyinin rəhbəri Aidə İbrahimova ilə söhbətimiz zamanı bildirdi ki, dərnəyimizin bir çox istedadlı yetirmələri vardır. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən və adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılan Duyqu Əliyevadır. Duyqu dərnəyə üz tutduğu gündən istedadı ilə diqqəti öz üzərinə çəkə bilib. Verilən bütün tapşırıqları hər zaman layiqincə yerinə yetirib. O həm də rəqs dərnəyinin üzvüdür və Culfa Şəhər Uşaq Musiqi Məktəbinin Fortepiano ixtisasında təhsilini davam etdirir. Orta məktəbdə də yaxşı qiymətlərlə oxuyur.
Aidə xanım deyir ki, belə istedadlı gənclər bizim parlaq gələcəyimizdir. Biz əhatələndiyimiz dövlət qayğısı, istedad və bacarıqlı gənclərimizlə bundan sonra da öz işlərimizin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.
İnanırıq ki, yüksək istedada, bilik və qabiliyyətə, həmçinin əxlaqi dəyərlərə malik gənclərimiz hərtərəfli dövlət qayğısı qarşılığında gələcəkdə Vətənimizin çiçəklənməsi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcək, doğma diyarımızı hər yerdə ləyaqətlə təmsil edəcək, yeni-yeni uğurlar qazanacaqlar.
Ramiyyə ƏKBƏROVA
Güntac ŞAHMƏMMƏDLİ