23 Dekabr 2024, Bazar ertəsi

İyunun 29-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviçin “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək demişdir ki, bu gün təqdimat mərasimi keçirilən yeni nəşrin müəllifi Rostislav Slaboşeviç 1949-cu il iyunun 25-də Minsk şəhərində anadan olmuşdur. 1966-cı ildə Xarkov Ali Tank Komandirləri Məktəbinə daxil olmuş, oranı bitirdikdən sonra 1975-ci ilə qədər Belarusda müxtəlif hərbi vəzifələrdə xidmət etmişdir. 1979-cu ildə Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini təyin olunmuş və Gürcüstanın Duşeti şəhərində xidmət etmişdir. 1983-cü ilin avqustunda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Qıvraq kəndində yerləşən hərbi hissədə alaya komandirin birinci müavini təyin edilmiş, 1984-cü ildə isə Gəncə şəhərinə alay komandiri vəzifəsinə keçirilmiş, orada diviziya komandirinin müavini vəzifəsinədək yüksəlmişdir. 1989-cu ildə yenidən Naxçıvana qayıtmış, buradakı 75-ci Motoatıcı Diviziyaya komandir təyin edilmiş və 1992-ci ilə qədər bu vəzifədə çalışmışdır.

 Diqqətə çatdırılmışdır ki, Naxçıvanda olduğu illərdə o, alay komandiri, diviziya komandirinin müavini və diviziya komandiri vəzifələrində xidmət etmiş, əvvəlcə polkovnik-leytenant və polkovnik, daha sonra isə general-mayor rütbəsinə qədər yüksəlmişdir. Naxçıvan Muxtar Respublikasında xidmət etdiyi zaman Slaboşeviç ictimai-siyasi fəaliyyəti ilə də seçilmiş, yerli əhalinin milli adət-ənənələrinə olan münasibətinə görə ictimaiyyət arasında böyük hörmət qazanmışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə  diviziyanın silahlarının, hərbi sursatının qorunub saxlanılması və Azərbaycan ordusuna təhvil verilməsi üçün böyük səy göstərmişdir. Eyni zamanda diviziyanın şəxsi heyəti ilə Naxçıvan əhalisi arasında mehriban münasibətlərin, dostluq əlaqələrinin yaranmasına nail olmuşdur. Naxçıvanın müdafiəsində və Sədərək istiqamətində asayişin bərpa olunmasında göstərdiyi xidmətlər Rostislav Slaboşeviçin əhali arasında nüfuzunu xeyli artırmışdır.

Cəlil Rüstəmov Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası qarşısındakı xidmətlərinə görə Rostislav Slaboşeviçə Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təşəkkürünü bildirmiş, anadan olmasının 70 illiyi və müəllifi olduğu “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının təqdimatı münasibətilə onu təbrik etmişdir.

Bildirmişdir ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətdə nəşr olunmuş “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabı ötən əsrin 90-cı illərində Naxçıvanın ağır sosial-iqtisadi və siyasi vəziyyəti ilə bağlı proseslərə həmin dövrün mühüm vəzifəli şəxsinin gözü ilə baxmağa imkan verir. Kitabda müəllifin şəxsən iştirak etdiyi əhəmiyyətli ictimai və dövlət fəaliyyəti ilə bağlı faktlar toplanmışdır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının müdafiəsi ilə bağlı gördüyü mühüm işlər generalın şahidi olduğu tarixi proseslər kimi oxucuya çatdırılır. Bununla yanaşı ulu öndərin Naxçıvanda yerləşən sovet ordusunun şəxsi heyətinin yerli əhali ilə münasibətlərinin tənzimlənməsindəki xidmətləri, xüsusilə dağılmış sovet iqtisadiyyatı şəraitində qoşun hissələrinin təminatına xüsusi diqqət yetirdiyi önə çəkilir. Müəllif ümummilli liderin gərgin iş şəraitində olmasına baxmayaraq, həmin dövrdə Naxçıvanda rusdilli məktəbin fəaliyyətinin bərpa etməsini böyük minnətdarlıqla qeyd edir. Bu mənada Rostislav Slaboşeviçin kitabı 1989-1992-ci illərdə muxtar respublikada baş verən ictimai-siyasi hadisələrin öyrənilməsində yeni yanaşmanı ortaya qoyan mühüm tarixi sənəddir.

Vurğulanmışdır ki, kitabda Naxçıvan mətbəxinin zənginliyinə, Naxçıvan əhalisinin qonaqpərvərliyinə, Naxçıvanın təbiətinin gözəlliyinə həsr olunmuş ayrıca bölmələr də vardır. Müəllif kitabda həmin dövrlə bugünkü Naxçıvanı müqayisə edərək inkişafın heyrətamiz olduğunu, muxtar respublika rəhbərinin Naxçıvanın müdafiəsi və qorunması üçün böyük işlər gördüyünü, müasir ordu yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini böyük qürurla qeyd edir, kitabın nəşrini Naxçıvan və naxçıvanlılar qarşısında mənəvi borcun ifadəsi kimi dəyərləndirir.   1992-ci il avqustun 18-də 75-ci Motoatıcı Diviziyanın silah sursatının Naxçıvana təhvil verilməsi mərasimində ümummilli lider Heydər Əliyev demişdir: “Biz belə hesab edirik ki, 75-ci Diviziyanın tərkibində xidmət etmiş hərbi qulluqçular öz vətənlərinə - Rusiyaya, Ukraynaya, Belarusiyaya qayıtdıqdan sonra belə Naxçıvanla öz əlaqələrini kəsməyəcək, Azərbaycanla həmin dövlətlər arasında əlaqələrin yaradılmasında öz səylərini əsirgəməyəcəklər”. Bu gün Rostislav Slaboşeviçin yenidən Naxçıvanda olması, “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabını yazması onun ulu öndər Heydər Əliyevin tövsiyələrinə nə dərəcədə sadiq olduğunu bir daha təsdiq edir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Əlahiddə Ümumqoşun Ordunun komandiri, general-leytenant Kərəm Mustafayev, keçmiş hərbi qulluqçu Sahib Səfərov çıxış edərək bildirmişlər ki, ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çətin sınaqlardan üzüağ çıxaraq bu gün özünün hərtərəfli inkişafını təmin etmişdir. Məhz ulu öndərin əvəzolunmaz xidmətləri sayəsində muxtar respublikada ilk milli ordu hissələri yaradılmış, Naxçıvanın təhlükəsizliyi təmin edilmişdir. Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Sovet İttifaqı, sonra isə Rusiya Federasiyasına məxsus silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və texniki qurğular Azərbaycanın sərəncamına verilmiş, ölkəmizin digər bölgələrindən fərqli olaraq burada heç bir dağıntı və talana yol verilməmişdir. Naxçıvanda yerləşən 75-ci Motoatıcı diviziyanın zabit və əsgər heyəti, onların ailə üzvləri, başda diviziya komandiri general Rostislav Slaboşeviç olmaqla, 1992-ci ilin avqust ayının 18-də xüsusi təyyarə ilə yola salınmışlar. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəvəti ilə general Rostislav Vyaçeslavoviç Slaboşeviçin 70 illik yubileyində yenidən Naxçıvanda olması qədirbilən xalqımız üçün xüsusi xidmətləri olmuş insanların unudulmayacağının bariz nümunəsidir.

Çıxış edənlər general Slaboşeviçi 70 illik yubileyi və ərsəyə gətirdiyi “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabına görə təbrik etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş deputatı, 1989-1992-ci illərdə Naxçıvan Qarnizonunun rəisi olmuş general-mayor Rostislav Slaboşeviç “Əcəmi” Nəşriyyat-Poliqrafıya Birliyində “Heydər Əliyevin vətəni haqqında hərbçi deputatın xatirələri” kitabının yüksək poliqrafık keyfıyyətdə nəşrinə və yüksəksəviyyəli təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş və imzaladığı kitabın bir nüsxəsini Heydər Əliyev Muzeyinin kitabxanasına hədiyyə etmişdir.

"Şərq qapısı"

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR