AMEA Naxçıvan Bölməsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan mətbu orqanlarından biri olan “İrs” jurnalının Baş redaktoru Musa Mərcanlı ilə görüş keçirilib. Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev jurnalın beynəlxalq əhəmiyyətindən danışıb, bölmə əməkdaşlarının, eləcə də hər bir elm adamının jurnalla əməkdaşlığının vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan xalqının tarixinin, milli-mənəvi irsinin təbliğində “İrs” jurnalı özünəməxsus rol oynayır. Jurnalın elmi-kütləvi səviyyəsinin qorunmasında, nəfis tərtibatında Baş redaktor Musa Mərcanlının əməyi olduğunu vurğulayan bölmə sədri hazırda “İrs”in türk, rus, ingilis, yapon dilləri də daxil olmaqla, 12 dildə çap edilərək çoxsaylı oxucu kütləsinə təqdim olunduğunu deyib.
“İrs” jurnalının Baş redaktoru Musa Mərcanlı çıxış edərək Naxçıvanda, regionun əsas elm mərkəzi sayılan AMEA Naxçıvan Bölməsində olmaqdan məmnunluğunu ifadə edib. Naxçıvan tarixinin, mədəniyyətinin, folklorunun, təbii ehtiyatlarının öyrənilməsi istiqamətində bölmə əməkdaşları tərəfindən aparılan fundamental tədqiqatların maraq doğurduğunu qeyd edən Musa Mərcanlı tədqiqatla yanaşı, təbliğatın da mühüm şərt olduğunu diqqətə çatdırıb. Bu mənada “İrs”in Naxçıvanda fəaliyyət göstərən alimlərin və tədqiqatçıların apardıqları çoxillik tədqiqatların dünyaya çatdırılmasında maraqlı olduğunu deyib.
Sonra bölmə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi