İyunun 21-də Naxçıvan Dövlət Texniki Kollecində Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul oluna bilərlər.
2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcək qaydalar haqqında ətraflı məlumat verən Rəşad Əlizadə bildirib ki, ərizələrin qəbulu I-IV qrup üzrə 2019-cu il iyunun 13-dən iyulun 17-dək, V ixtisas qrupu üzrə isə iyunun 13-dən 27-dək Dövlət İmtahan Mərkəzinin internet saytında aparılır və müsabiqədə iştirak ödənişsizdir. Subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində iştirak edəcəklər. İxtisas seçimi zamanı bir yerə, eyni zamanda abituriyent və subbakalavr olmaqla, iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaqdır. Bir yerə iki subbakalavr iddia edərsə, ixtisas seçimində təhsil haqqında sənəddə fənlər üzrə yekun qiymətlərinin ədədi ortası daha yüksək olan subbakalavra üstünlük veriləcəkdir.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edib, məzunları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti