“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu açaraq konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkə iqtisadiyyatında özünəməxsus yeri olan muxtar respublikamız bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas amillərdən biri qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş və icrası uğurla başa çatmış “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri Elnur Mahmudovun “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları və gələcək perspektivləri”, “Naxçıvan” Universitetinin İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “Naxçıvan Muxtar Respublikasında qəbul edilmiş sosial-iqtisadi inkişaf proqramlarının iqtisadi inkişafa təsiri”, İqtisadiyyat ixtisasının I kurs tələbəsi Coşqun Hüseynovun isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramlarının icrasının əhalinin həyat səviyyəsinin yüksəldilməsində rolu” mövzularında çıxışları dinlənilib.
Seyfur HACIMURADOV