23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Gələcəyin alimləri” layihəsinin təqdimat mərasimini giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına göstərilən dövlət qayğısı elmi potensialı gücləndirib, elm, ali və orta ixtisas təhsili müəssisələrində yüksəkixtisaslı professor-müəllim heyəti formalaşdırılıb.
Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, AMEA Naxçıvan Bölməsi və muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri qarşısında müvafiq vəzifələr qoyulub. Bu vəzifələrin icrası məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun elmi dərəcəsi olan əməkdaşlarının muxtar respublikanın ümumtəhsil məktəblərindəki nümunəvi dərslərdə iştirakı təmin edilib.
Elbrus İsayev bildirib ki, ötən müddət ərzində ümumtəhsil məktəbləri ilə əlaqələrin gücləndirilməsi məqsədilə institutun nəzdində “Gələcəyin alimləri” layihəsinin əsasnaməsi hazırlanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır, burada müasir təhsil şəraiti yaradılıb. Bu isə muxtar respublikada innovativ təhsil üsullarının tətbiqinə geniş imkanlar açıb.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən 2015-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir.
Cari tədris ilində muxtar respublikanın ümumtəhsil müəssisələrində elm və ali təhsil müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən, ümumilikdə, 1358 saat nümunəvi dərs tədris olunub. Bu, elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, eyni zamanda şagirdlərin biliklərinin artırılmasına, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir.
Nazir bildirib ki, nümunəvi dərslərlə yanaşı, təhsil müəssisələrində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə, AMEA Naxçıvan Bölməsi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçilir. Başa vurduğumuz tədris ilində, ümumilikdə, 44 interaktiv dərs tədris olunub.
Təhsil naziri təhsildə həyata keçirilən “İnteraktiv dərs”, “Nümunəvi dərs”, eyni zamanda “Elektron universitet”, “Sabahın müəllimi”, “Distant təhsil” və “Dərsdən sonra” layihələrinin təhsilin inkişafına mühüm təsir göstərən layihələr olduğunu qeyd edib. “Gələcəyin alimləri” layihəsi də istedadlı şagirdlərin üzə çıxarılmasında, onların tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Nazir təhsilə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə ­minnətdarlığını bildirib.
Sonra Naxçıvan Müəllimlər İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazovun və Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru Elmira Həsənovanın çıxışları dinlənilib.
Sonda nümunəvi dərslərə aid filmə baxış olub.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR