Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ərazisində arxeoloji tədqiqatlar aparır. Arxeoloji tədqiqatlar başlıca olaraq Oğlanqala və Qızqala yaşayış yerlərində və onun ətrafında aparılmışdır.
Ekspedisiyanın rəhbərləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Baxşəliyev və Amerika Birləşmiş Ştatlarının Pensilvaniya Universitetinin professoru, arxeoloq Lauren Ristvetdir. Avstraliyanın Monash Universitetinin professoru Hilary Gopnik, Oksford Universitetinin doktoru Selin Nugent, Pensilvaniya Universitetinin arxeoloqu Robert Bryant və tələbəsi Jennifer Sverida, Pensilvaniya Muzeyinin bərpaçısı Tessa de Alarcon Martin, AMEA Naxçıvan Bölməsinin gənc əməkdaşları Elmar Baxşəliyev və Kamran Mehbalıyev isə ekspedisiyanın üzvləridir. Arxeoloji qazıntılara Pensilvaniya və Monash universitetlərinin 5 tələbəsi də cəlb olunmuşdur.
2008-2011-ci illərdə Oğlanqala yaşayış yerində arxeoloji qazıntılar aparılmış, yaşayış yerinin mərkəzi hissəsinin böyük bir qismi tədqiq edilmiş, Oğlanqala sitadelinin və onu əhatə edən müdafiə divarlarının planı müəyyənləşdirilmişdir. Tədqiqatlar zamanı Oğlanqala sitadelinin və onun qala divarlarının memarlıq xüsusiyyətlərinin, qonşuluqda yerləşən Urartu dövlətinin memarlığından tamamilə fərqli olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı Arpaçay vadisində Oğlanqala və Qızqala yaşayış yerlərini əhatə edən 480 hektar sahədə şəhər-dövlətin mövcud olduğu müəyyən edilmişdir. Bu şəhər-dövlət Azərbaycanın şimalında urartulara qarşı mübarizənin əsas mərkəzi olmuş və urartuların Naxçıvanı işğal etməsinə imkan verməmişdir. Urartular dəfələrlə bu əraziyə basqın etsələr də, məğlub şəkildə geri çəkilməyə məcbur olmuşlar. Müəyyən edilmişdir ki, Oğlanqala şəhər-dövləti Azərbaycanın şimal və qərb bölgələrində möhkəmlənən Etiuni konfederasiyası və skiflərlə ittifaqda olmuş və urartuları dəfələrlə məğlub etmişlər. Urartu hökmdarı I Rusanın yazılarında onların bu məğlubiyyəti etiraf edilmişdir. Beynəlxalq ekspedisiyanın əldə etdiyi nəticələr “Amerikan Arxeoloji Jurnalı”, “İranica Antica” kimi nüfuzlu və Tomson Science indeksinə daxil olan nəşrlərdə və digər beynəlxalq məcmuələrdə verilmiş, həmçinin bununla bağlı beynəlxalq konfranslarda məruzələr edilmişdir.
Arxeoloji ekspedisiya 2012-2017-ci illərdə həm kəşfiyyat xarakterli araşdırma, həm də Qızqala yaşayış yerində qazıntı aparmışdır. Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı Naxçıvanın Orta Tunc dövrü mədəniyyəti öyrənilmiş, Naxçıvanın Şimal-Qərbi İran, Şərqi Anadolu və Cənubi Qafqazda yayılan Boyalı qablar mədəniyyətinin mərkəzi olduğu, Orta Tunc dövrünə aid ən qədim qalatipli yaşayış yerlərinin Naxçıvanda yerləşdiyi müəyyənləşdirilmişdir. Ekspedisiyanın əldə etdiyi nəticələrlə bağlı beynəlxalq konfranslarda məruzə olunmuş, beynəlxalq məcmuələrdə məqalələr nəşr edilmişdir. Bu il Qızqala yaşayış yeri haqqında Tomson Science indeksinə daxil olan “TUBA-AR” jurnalında məqalə nəşr olunacaqdır.
Mayın 18-dən etibarən Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası Oğlanqala yaşayış yerində Atropatena dövrünə aid olan mədəni təbəqəni tədqiq edir. Ekspedisiya iyunun 30-dək davam edəcəkdir. Artıq ekspedisiyanın apardığı araşdırma nəticəsində Atropatena dövrünə aid ictimai binanın qalıqları ortaya çıxarılmış, Oğlanqalanın Atropatena dövlətinin əsas əyalət mərkəzlərindən biri olduğu müəyyənləşdirilmişdir. Arxeoloji araşdırmalar Atabəylər dövründə də Oğlanqalada intensiv yaşayış olduğunu təsdiq edir. Bu da bir daha sübut edir ki, Oğlanqalanın tədqiqi ölkəmizin tarixi ilə bağlı daha mühüm nəticələr verəcəkdir.
Muxtar respublikanın tarixi ilə yanaşı, onun təbiəti də beynəlxalq ekspedisiyaların diqqət mərkəzindədir. Macarıstan Quşları Müdafiə Cəmiyyətinin üzvləri, biologiya üzrə fəlsəfə doktorları Atilla Georgi Simay və Miklos Nagi mayın 30-da muxtar respublikaya gəlmişlər. Onlar AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının orta dağlıq zonasında quşların yerləşməsini və mövcud vəziyyətini öyrənirlər.
Hollandiya vətəndaşları Zigervan Hirvijnen və Pieter Kleivegt Rijk isə 2-7 iyun tarixlərdə Şahbuz rayonunun Kükü və Nursu kəndlərində, Batabatda, Ordubad rayonunun Nürgüt və Pəzməri kəndlərində, Culfa rayonunun Ərəfsə kəndində və Şərur rayonunun Mahmudkəndində bitki örtüyünü tədqiq ediblər. Həmçinin tədqiqatçılar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Toxum bankı”ndakı materiallarla tanış olublar. Toplanılan materiallar əsasında birgə məqalələr yazılacaq, elmi konfrans keçiriləcək, qonaqların məruzələri dinləniləcəkdir.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin entomoloqu, biologiya üzrə fəlsəfə doktoru M.Y.Proşalkin 10-25 iyun tarixlərdə muxtar respublikada səfərdə olacaq, yabanı arıların tozlanma prosesindəki iştirakına dair tədqiqatlar aparacaqdır.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi