Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr iyunun 3-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar.
Onlar əvvəlcə buradakı kitabxana ilə tanış olub, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra tələbələrə prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlbetmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublika prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev tələbələrlə görüşdə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının əhəmiyyəti, prokurorluq orqanlarında çalışmaq istəyən əməkdaşların peşəkar mütəxəssis, öz işinin öhdəsindən vicdanla gələ bilən yüksəkixtisaslı kadrlar kimi yetişdirilməsinin vacibliyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı peşəkar mütəxəssis, yüksəkixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli addımlardan biridir və bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini göstərəcəkdir.
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin müəllimi Pərviz Qəribov Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öz ixtisaslarını daha dərindən öyrənmələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi
təminat və informasiya şöbəsi