Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək Cənubi Koreya ilə ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin və təhsilin rolundan danışıb, universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malik Naxçıvan Dövlət Universiteti ilə Kimçonq Universiteti arasında Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə mübadiləsi aparılıb.
“Ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Koreyaşünaslıq” seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır”, – deyən rektor bildirib ki, Cənubi Koreyada 5 ay müddətində təhsillərini yekunlaşdıran 3 nəfər tələbə də məhz bu kurslarda fəal iştirak edən bir neçə tələbənin arasından seçilərək Kimçonq Universitetinə göndərilib.
Həmin tələbələrdən hüquqşünaslıq ixtisasının birinci kurs tələbəsi Əkbər Həsənli və stomatologiya ixtisasının birinci kurs tələbəsi Şahin Tağıyev çıxışlarında Cənubi Koreyada yaxşı qarşılandıqlarını, ölkəmizi Cənubi Koreyada layiqli təmsil etdiklərini və 5 ay müddətində təhsillərini müvəffəqiyyətlə başa vurduqlarını bildiriblər.
Sonda universitetin rektoru, professor Saleh Məhərrəmov Kimçonq Universitetində təhsillərini müvəffəqiyyətlə başa vurmuş tələbələrə qiymət cədvəllərini təqdim edib.
Mina QASIMOVA