Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifəyə çevirmişdir. Bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəltmək üçün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib şərtdir.
Aparılan təhsil siyasətinin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır. Bunun sayəsində insanlar həyatlarını daha yüksək səviyyədə qura bilir, əmək bazarında öz mövqelərini tutmaqla bərabər, cəmiyyətdə də sonrakı fəaliyyətləri üçün stimul qazanırlar. Ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan uğurlu təhsil siyasəti və bunu əhatə edən proseslər hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu nümunəvi vətəndaşa çevirir. Son illərdə bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında əhəmiyyətli islahatlar həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni məktəb binaları, tədris korpusları tikilir. Eyni zamanda informasiya-kommunikasiya texnologiyalarından istifadəyə tələbat artır. Həyata keçirilən kompleks tədbirlərin məqsədi təhsilin keyfiyyətini dünya standartlarına uyğunlaşdıra bilməkdir. Yeni təhsil modeli ilə dünyaya inteqrasiya olunmaq üçün bütün təhsil müəssisələrində güclü maddi-texniki baza qurulur, eyni zamanda təhsildə yeni idarəetmə sistemi və insan resurslarından istifadəyə geniş yer verilir, müəllim nüfuzuna diqqət artırılır. Bütün bunlar Naxçıvanda aparılan təhsil strategiyasının vacib hədəfləridir.
Bu hədəflər sırasında yer tutan səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasında əsas məqsəd təhsilin bütün pillələrində tədris proqramlarının inkişafına nail olmaqdır.
Strateji hədəflər sırasında insan resurslarının müasirləşməsi diqqət mərkəzində saxlanılır. İnsan resurslarının inkişafı səriştəli, təcrübəli təhsilverən formalaşdırmaq, innovativ metodları tətbiq edərək təhsilalanların istedadını üzə çıxarmaq, onların nailiyyətlərini yeni sistemlərin tələbinə uyğun qiymətləndirmək, inklüziv təlim metodlarından istifadə etməkdir.
Müasir təhsil sistemi səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını tələb edir. Burada əsas məqsəd səmərəli, cavabdeh, şəffaf, beynəlxalq təcrübəyə əsaslanan idarəetmə qurmaq, müasir təhsil sisteminin keyfiyyət təminatını artırmaq, eyni zamanda təhsildə yeni məlumat, hesabat sistemlərini yaratmaqdır.
Təhsil siyasətinin vacib məsələlərindən biri də dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelinin qurulması ilə bağlıdır. Maliyyələşmə mexanizminin tərkib hissəsi olan təqaüd sisteminin təkmilləşdirilməsi dövlətin təhsilə qayğısının bariz nümunəsi olmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
Hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, pedaqoji ixtisaslarda qəbul göstəriciləri yuxarı olan tələbələrə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi maliyyələşmə mexanizminin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, muxtar respublikamızda da gənc istedadlara dövlət qayğısının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilmiş və xüsusi aylıq təqaüdlər təyin edilmişdir.
Ötən dövr ərzində hər il elm, təhsil, idman, mədəniyyət və digər sahələr üzrə xüsusi istedadı olan gənclər müəyyənləşir və onlar Gənc İstedadların “Qızıl kitabı”na salınmaqla xüsusi təqaüdlə təmin edilirlər.
Aparılan islahatların davamı olaraq 2019-cu ildə ölkə başçısı tərəfindən təhsilin bütün pillələri üzrə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı iki sərəncamın verilməsi kadr potensialının qiymətləndirilməsi və insan resurslarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, yeni sərəncamla dövlət büdcəsinin vəsaiti hesabına doktorluq proqramları, magistratura, bakalavriat səviyyələri üzrə təqaüdlər artırılmış, sərəncam orta ixtisas və peşə təhsili müəssisələrini də əhatə edir.
Qeyd edək ki, təqaüdlərin ödənilməsi dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.
Təhsil sahəsində başqa bir yenilik ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün “Prezident təqaüdü” məbləğinin 210 manata çatdırılmasıdır.
Təqaüdlərin artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncamı isə tələbələrin sosial həyat şəraitinin yüksəldilməsinə xidmət edən dəyərli dövlət sənədidir.
Sərəncamın icrasını təmin etmək məqsədilə dövlət hesabına artırılan təqaüd yerlərinin ali təhsil müəssisələri üzrə bölgüsü hazırlanmışdır. Yeni qaydalara əsasən ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 min vahid artırılması təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilindən 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Bu da, öz növbəsində, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasına və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanların yaradılmasına xidmət edir.
Yeni qaydalara uyğun olaraq hazırlanan bölgü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayının xüsusi çəkisinə uyğun aparılır. Bu bölgü ilə ölkədə 600-ə yaxın doktorant və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artırılıb.
Qeyd edək ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən təqaüdlərin ödənilməsi, yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilir.
Yeni qaydalara əsasən təqaüd alan tələbələrin sayının artırılması ilə bağlı bölgüdə muxtar respublikamızın ali təhsil müəssisələrindən Naxçıvan Dövlət Universitetinə 496, Naxçıvan Müəllimlər İnstitutuna 115, “Naxçıvan” Universitetinə 106 vahid əlavə təqaüd yerləri ayrılmış və bölgüyə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələr əlavə təqaüd alan tələbələr siyahısına daxil edilmişdir.
Maliyyələşmə ilə bağlı həyata keçirilən islahatlar, sadaladığımız hədəflər və vəzifələr Azərbaycan təhsil siyasətinə yeni nəfəs verən Naxçıvan təhsil modelində daha səylə həyata keçirilir, müəllimlərin və tələbələrin sosial-iqtisadi həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət artırılır. Bütün bunlar insan kapitalının və resurslarının inkişafına yönəlmiş uğurlu dövlət təhsil siyasətinin bir parçası kimi xüsusi əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasında aparılan təhsil siyasətinin əsas hədəflərindən biri də müasir tələblərə uyğun təhsil infrastrukturunun yaradılmasıdır. Burada əsas məqsəd kimi təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının formalaşması, distant təhsil sisteminin qurulması, istedadlı uşaqların inkişafını təmin edən təhsilin yaradılması, peşə təhsili müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması və digər məsələlər ehtiva olunur.
“Elektron Naxçıvan” layihəsinin tərkib hissəsi olan Elektron təhsil sistemi də dünya təcrübəsi əsasında inkişaf etdirilir, təhsil siyasətində innovativ təcrübə və yeni inkişaf meyilləri əsas götürülür. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamında əks olunan və onun tapşırıqları ilə həyata keçirilən “Startap Naxçıvan” hərəkatı çərçivəsində təhsil sahəsini əhatə edən layihələrin hazırlanması və onlara dövlət dəstəyinin həyata keçirilməsidir. Bu hərəkat təhsilverən və işəgötürən arasında qarşılıqlı işbirliyi, gələcəyə hesablanmış birgə layihələr, daim yenilik axtarışında olan yüksəkixtisaslı kadr potensialı və təbii ki, böyük kapital axını deməkdir.
Əminik ki, aparılan islahatlar və müəyyən olunmuş strateji hədəflər Naxçıvanda dayanıqlı inkişaf və gələcəyə hesablanmış innovativ təhsil mühiti yaradacaq, təhsil ictimaiyyəti güclü kadr potensialı və mühüm nailiyyətləri ilə muxtariyyət tariximizdə yeni səhifələr açacaqdır.
Surə Seyid
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının
Humanitar siyasət və ictimai təşkilatlarla iş şöbəsinin müdiri