23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada təhsilin inkişafı, innovativ təhsil üsullarının tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır. Bu istiqamətdə işlər aprel ayında da davam etdirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı “Startap Naxçıvan” hərəkatı çərçivəsində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin startap layihələrinin qiymətləndirilməsi məqsədilə ekspert qrupu yaradılmışdır. “Startap Naxçıvan” çərçivəsində “İdeyadan başlanğıca” devizi altında Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji profilli ixtisaslarında təhsil alan tələbələrə maarifləndirici təlim keçirilmişdir.

Hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin pedaqoji təcrübələrinin təşkili diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetində pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir. Kadr hazırlığının yaxşılaşdırılması məqsədilə universitetə 200-ə yaxın dərslik və metodik vəsait hədiyyə edilmiş, tələbələrin ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçmələrinə şərait yaradılmışdır. Ümumtəhsil məktəblərində oxunması zəruri olan kitabların mütaliəsi təmin edilmiş, şagirdlərdə mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində tədbirlər keçirilmiş, aprel ayı muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmişdir. Bununla da mütaliənin kütləviliyinə və oxucu fəallığının artmasına nail olunmuş, 3844 şagird oxunan əsərlər haqqında esselər yazmış, 149 məktəbdə 946 şagirdin iştirakı ilə dram əsərlərindən parçalar səhnələşdirilmişdir. Bundan başqa, “Oxu” və “Poeziya” günlərinə, kitab müzakirələrinə, ədəbi-bədii gecələrə həsr edilmiş tədbirlərə 16 minə yaxın şagird cəlb edilmişdir.
İnteraktiv və nümunəvi dərslərin keçilməsi diqqətdə saxlanılmış, “Yarımaçıq debütlərin izahlı təhlili”, “Azərbaycan dilində arxaizmlər” mövzularında interaktiv, Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Vətənpərvərlik” mövzusunda Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdlərinə açıq dərslər keçilmişdir. Bununla yanaşı, AMEA Naxçıvan Bölməsində, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində 184 nümunəvi dərs tədris olunmuşdur.
Aprel ayında peşə təhsili müəssisələrini 18 qrup üzrə 437 müdavim başa vuraraq müvafiq təhsil sənədi almışdır. Məktəbdənkənar tərbiyə müəssisələrində şeir müsabiqəsi, açıq dərnək məşğələsi, rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirilmiş, eyni zamanda dərnək üzvlərinin tarixi və mədəni abidələrlə yaxından tanış edilməsi məqsədilə muxtar respublikanın tarixi abidə və muzeylərinə ekskursiyalar təşkil olunmuşdur. Uşaq-gənclər idman və şahmat məktəblərində 8 idman növü üzrə 18 tədbir və 14 şahmat yarışı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR