Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq sərəncamların icrası istiqamətində universitetdə keçirilən tədbirlərin artıq ənənə hal aldığını vurğulayıb. Rektor bu cür tədbirlərin tələbələrin gələcək perspektivlərinin formalaşmasındakı rolundan danışıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev müvafiq sərəncamın icrası istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı işlərin davam etdirildiyini bildirib. Vurğulanıb ki, ötən müddət ərzində universitetin hamiliyə verilmiş ixtisaslarında təhsil alan tələbələrlə görüşlər keçirilib, onlara muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən broşür, kitab, kataloq kimi əyani vəsaitlər verilib.
Qeyd edilib ki, nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 50 mövzu üzrə mühazirələrin oxunması, tələbələrin yay istehsalat təcrübələrinin təşkili üçün müvafiq müəssisələrlə tanış olmaları müntəzəm həyata keçiriləcək. Nazir diqqətə çatdırıb ki, bu tədbirlərin davamı olaraq 2019-cu ilin aprel ayında Naxçıvan Biznes Mərkəzində nazirlik əməkdaşlarının, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin müəllim, bakalavr, magistr və doktorantlarının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən iqtisadi siyasətə təsir təhlilərinin qiymətləndirilməsi, biznes planlarının işlənməsi mövzuları üzrə 3 günlük seminar keçirilib. Seminarın sonunda 120 nəfər iştirakçıya sertifikat təqdim olunub.
Nazirliyin İnvestisiyaların təşviqi və ixraca dəstək şöbəsinin mütəxəssisi Rəmzi Əlizadə startap, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə ilə bağlı çıxış edib.
Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.
Səadət Əliyeva