25 Dekabr 2024, Çərşənbə

            Kim bilir, neçədir dünyanın yaşı,
            Tarixin nə qədər yazısı vardır?
            Hər saxsı parçası, hər məzar daşı
            Nəsildən nəsilə bir yadigardır.
                                                               (Səməd Vurğun)

“Bu tarixi saxsıları toplayaraq öyrənənlər “körpü adamlar” – arxeoloqlardır”.
Avtomobilimiz Arpaçay üzərindəki bəndin üzərindən keçərkən fikirləşirəm. Onlar bu günü yaşamaqla, keçmişi öyrənməklə onların arasındakı əlaqəni tapırlar və əslində, özləri də keçmişlə bu gün arasında bağa çevrilirlər. Səhər olmasına baxmayaraq, artıq Günəş şüalarının yandırıcı hərarəti hiss olunmaqdadır. Onların başı isə yeni tapdıqları köhnə şəhərin tarixini öyrənməyə qarışıb.
“Bəşər sivilizasiyasının ən qədim mərkəzlərindən olan Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi Naxçıvanda hər daş, hər qaya bir tarixdir”. AMEA-nın müxbir üzvü, hazırda Şərur rayonunun Dizə və Aşağı Yaycı kəndləri arasındakı ərazidə – Qızqalada tədqiqatlar aparan Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri Vəli Baxşəliyevin bu sözünü bu tarixə şahidlik etmiş, yaxınlıqdan axan Arpaçay da təsdiqləyir sanki. Çünki ilk insan məskənləri, sivilizasiyalar məhz çay vadilərində formalaşıb, meydana çıxıb. Arpaçay vadisi də qədim sivilizasiyanın əsas yaranma mərkəzlərindən biridir.

Çay boyunca qarşıdakı böyük bir ərazini göstərən arxeoloq deyir ki, gələcək 3 il ərzində Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının bu ərazidə – Qızqala ətrafında aparacağı arxeoloji tədqiqatlar aşkara çıxardığımız yeni şəhərin tarixini müəyyən edəcək. İndi isə 10 nəfərlik ekspedisiya ötən il başlayan ilkin yoxlama işlərini daha da genişləndirir. Bu il yalnız ölçmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Təqribən 8-10 hektarlıq sahəni əhatə edən ərazidə ekzogen və təbii amillərin təsiri nəticəsində bəzi yerlərdə təbəqələrin tamlığı pozulub. Hazırda arxeoloqlar hansı dövrlərə aid qatların olmasını dəqiqləşdirirlər. 
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr tarixi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə birlikdə ekspedisiya üzvlərinin çalışdığı əraziyə yaxınlaşırıq. Abidənin hansı xronoloji çərçivəni əhatə etməsini dəqiqləşdirmək üçün ekspedisiya üzvləri abidənin kiçik bir sahəsində təmizləmə işləri aparırlar. Təbəqələr təmizlənir və kömür analizləri götürülür. Qazıntı işlərinə isə gələn ildən başlanılması nəzərdə tutulub.
Burada bizimlə söhbətə qoşulan Nyu-York Universitetinin müəllimi, arxeoloji ekspedisiyanın ABŞ tərəfdən rəhbəri, dosent Emili Hammer deyir ki, çox böyük əraziyə malik və çoxtəbəqəli olan bu yaşayış məskəninin ərazisinin daha geniş olması da istisna deyil. Hələlik, məlum olan odur ki, Qızqala ətrafındakı bu yaşayış yeri Eneolit dövründən başlayaraq orta əsrlərəqədərki dövrü əhatə edən bir abidədir.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin fikrincə, Qızqala ətrafında yeni tapılmış şəhər yeri Naxçıvanda I Kültəpə və II Kültəpədən sonra çoxtəbəqəli olan üçüncü abidədir. Yaşayış məskəninin bölgənin digər yaşayış məskənlərindən əsas fərqlərindən biri Dəmir dövrünə aid qalıqları özündə daha çox saxlamasındadır. Arxeoloqlar hesab edirlər ki, abidədən bu dövrə aid daha zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılacaq. Çünki əvvəlki tədqiqatlar sübut edir ki, Dəmir dövründə Oğlanqala yaxınlığında daha bir böyük müstəqil şəhər-dövləti olub. Bu şəhər isə təqribən 487 hektara yaxın əraziyə nəzarət etmək üçün müdafiə divarları ilə əhatə olunub. Abidədə aparılan tədqiqatlarda qarşıya qoyulan əsas məqsədlərdən biri də Dəmir dövründə Qızqalanın rolunun araşdırılmasıdır. Lakin tədqiqatçılar aparılan qazıntıların daha qədim dövrlərə aid materialları üzə çıxara biləcəyini də istisna etmirlər. Vəli Baxşəliyev bu barədə deyir: “Ola bilər ki, bu yaşayış yeri bölgədə yerləşən ən qədim yaşayış yerlərindən biri kimi tarixə düşsün. Bilirsiniz, yaxınlıqda Eneolit dövrünə aid Ovçular təpəsi yaşayış yeri var. Ola bilər ki, qədim dövrdə insanlar əvvəlcə məhz burda – Arpaçay vadisində məskunlaşıb, sonradan isə buradan digər ərazilərə yayılıblar. Ən əhəmiyyətli məsələ isə odur ki, indiyə qədər Şərur rayonu ərazisində Orta Tunc dövrü təbəqəsi olan yaşayış yeri aşkar olunmayıb. Düzdür, Orta Tunc dövrünə aid bəzi qəbir abidələrində və yaşayış yerlərində məhdud sayda bu dövrə aid keramika nümunələri aşkarlanıb. Lakin hesab edirik ki, burda Orta Tunc dövrü haqqında məlumatlar daha zəngindir”.
Nyu-York Universitetinin müəllimi, arxeoloji ekspedisiyanın ABŞ tərəfdən rəhbəri, dosent Emili Hammer də hesab edir ki, abidənin ən çox fərqləndirici xüsusiyyətlərindən biri onun Orta Tunc dövrünə aid təbəqəyə malik olmasıdır. “Cənubi Qafqaz regionunda bu cür abidələr çox azdır. Bizə məlumdur ki, Ağdam şəhəri yaxınlığında yerləşən Üzərliktəpədə, Naxçıvandakı I Kültəpə və II Kültəpədə Orta Tunc dövrünə aid təbəqə tamlığını saxlayıb. Qızqala ətrafındakı yaşayış yeri növbəti belə abidələrdən biridir. Cənubi Qafqazın digər ərazilərində Orta Tunc dövrü nekropolları aşkar olunsa da, bu insanların yaşayış yerləri haqqında heç bir məlumat yox idi. İndi məlum olur ki, onların əsas məskəni məhz bu ərazidə olub”.
Burda məskunlaşan insanların məşğuliyyətinə gəlincə, hesab edilir ki, buranın sakinləri əkinçilik, köçmə və yarımköçmə maldarlıqla məşğul olublar. Çünki arxeoloqlar ərazidə bəzi mövsümi yaşayış yerləri də aşkar ediblər. Arxeoloji ekspedisiyanın üzvlərinin sözlərinə görə, ərazidə eyni zamanda kurqanlar da var. Bu kurqanlar isə Arpaçayın sağ və sol sahilində yerləşir.
İnsanların uzun müddət məskunlaşdıqları abidənin tədqiqi təkcə Naxçıvan tarixi üçün deyil, ümumilikdə, Azərbaycan tarixi, o cümlədən Qafqaz tarixi üçün əhəmiyyətli olacaqdır. Bu ərazinin nə zamansa Oğlanqala şəhər-dövlətinin tərkibinə daxil olması da ən inandırıcı görünən ehtimallar sırasındadır.
Hər iki tədqiqatçı ilə birlikdə ərazidə qalıqları indiyə qədər qalmış müdafiə divarlarına yaxınlaşırıq. Builki tədqiqatlarda bu müdafiə divarlarının dəqiq tarixini müəyyən etmək üçün araşdırmaların aparılması da prioritet məsələlərdən biridir. Burda atdığımız hər addımda isə diqqətimi çəkən bir məqam var: hər daşın, hər saxsı parçasının əhəmiyyətini bilən tədqiqatçı sevgisi. Çünki Vətənin ululardan ulu tarixini ancaq və ancaq bu böyük sevgi ilə öyrənmək və təbliğ etmək olar. Vətənin hər daşını, hər qayasını sevməklə. Vətən daşına vətəndaş kimi yanaşmaqla.

Böyük Məmməd Arazın dili ilə desək:
Qayaların keçmişini qayalara yazdım, deyə
Onda Vətən sanar məni bir balaca Vətən daşı –
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR