Ötən illərdə olduğu kimi, bu il də muxtar respublika ərazisində bir çox tarixi məkanlarda arxeoloji ekspedisiyalar tərəfindən tədqiqat işlərinə başlanılıb. Tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və beynəlxalq ekspedisiyalar tərəfindən aparılır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, Şərur rayonunda arxeoloji tədqiqatlar aparan Azərbaycan-ABŞ ekspedisiyası yeni yaşayış məskənini aşkara çıxarıb. Şərur rayonunda “Qızqala” adlanan ərazi yaxınlığında aparılan ilkin araşdırmalar nəticəsində Eneolit, Erkən Tunc, Orta Tunc, Dəmir dövrlərini və Orta əsrləri əhatə edən yeni bir yaşayış yeri aşkar olunmuşdur. Bu yaşayış yeri I və II Kültəpələrdən sonra Orta Tunc dövrünə aid təbəqənin qalınlığına görə ən böyük yaşayış yeridir. Tədqiqatçının fikrincə, bu yaşayış yerində təbəqənin qalınlığı hazırda 11-15 metr arasındadır. Arxeoloqlar təbəqənin daha qalın olacağını istisna etmirlər. Yaşayış yeri ərazisinə görə muxtar respublika ərazisində yerləşən digər arxeoloji abidələrdən – I Kültəpə və II Kültəpədən daha böyükdür. İlk ölçmələr yaşayış yerinin 8 hektar sahəni əhatə etdiyini göstərir.
Xəbərlər şöbəsi