Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ali təhsil ocaqlarında təhsil alan tələbələrin iştirakı ilə “İdeyadan biznesə” layihəsinin Naxçıvan turunun keçirilməsi ilə əlaqədar seminar olub.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov seminarı açaraq bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi üçün bu cür layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan rektor bunun üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, həyatımızın bütün sahələrində innovativ həllərin tətbiqinin zəruri olduğu bir dövrdə “İdeyadan biznesə” startap layihəsinin həyata keçirilməsi çox uğurlu təşəbbüsdür. Bu layihə ölkəmizdə milli startap infrastrukturunun inkişaf etməsinə, yeni biznes inqubatorların yaradılmasına kömək edəcək və startapçılar arasında əlaqələrin gücləndirilməsinə xidmət göstərəcəkdir. Layihə tələbələrin yaradıcı düşünməsi, yeni ideyaların ortaya çıxarılması, mövcud məsələlərə fərqli yanaşma üslubu kimi potensiallarının üzə çıxarılmasında mühüm rol oynayacaqdır.
Qeyd edək ki, layihə Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, həmin nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar Parkının, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının, “Regional İnkişaf” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Azercell” və “Microsoft” şirkətlərinin təşkilatçılığı ilə həyata keçirilir.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Nazim Cəfərli, Rahim İbrahimli, Hüseyn Əsgərli slaydlar vasitəsilə “İdeyadan biznesə” layihəsi barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti