23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Ali Məclisin Sədri tərəfindən təsdiq olunmuş 2019-cu il üzrə Tədbirlər Planına əsasən “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, pedaqoji fikir tarixinə nəzər saldıqda bu günün nailiyyətlərinin keçmişdən qidalandığını, ondan qüvvət aldığını görürük. Keçmişlə müasirliyi düzgün uzlaşdırmadan, onu düzgün dəyərləndirmədən və müqayisə etmədən bugünkü məktəbimizin və pedaqoji fikrimizin səviyyəsini müəyyənləşdirmək olmaz. Bu səbəbdən kitab ali məktəb tələbələri və pedaqoqlar və ümumilikdə, ziyalılar üçün dəyərli mənbə, stolüstü kitab səciyyəsi daşıyır.
Rektor qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunda növbəti tədris semestrindən “Pedaqoji fikir tarixi” adlı seçmə fənnin tədris planına salınması və pedaqoji fikir tarixi ilə əlaqəli mövzuların tədqiqata cəlb olunması nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında vurğulayıb ki, elmin və təhsilin davamlı inkişafı muxtar respublika rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2014-cü il 4 sen­tyabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bu günədək fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, ümumilikdə, elmi innovasiyaların, elmi yeniliklərin, layihələrin dəstəklənməsi işinə diqqət artırılıb. Bilik Fondunun maliyyə dəstəyi ilə onlarla kitab və jurnal nəşr olunaraq müvafiq qurumlara hədiyyə edilib. Əhalinin elmi-texniki, ictimai-siyasi, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması istiqamətlərində görülmüş bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu 2019-cu ilin Tədbirlər Planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min tirajla “Pedaqoji fikir tarixindən” kitabı nəşr etdirib.

Yeni nəşrdə tərbiyə, təhsil, təlim problemlərini, ayrı-ayrı görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji xidmətləri və görüşləri, ayrı-ayrı dövrlərdə təhsil məsələlərini və maarifləndiricilik missiyasını yerinə yetirən şəxslərin fəaliyyəti ümumiləşdirilib, yaşanmış tarixin elmi-pedaqoji mənzərəsi öz əksini tapıb. Təbii ki, bu tarixi təcrübələr, görüşlər və nəzəri fikirlər təkcə tarixiliyinə görə deyil, varisliyi və müasir əhəmiyyətinə görə də qiymətlidir. Bu əsər Azərbaycan təhsil tarixində ən qabaqcıl və dəyərli fikirlərin toplusu olmaqla Azərbaycan mütəfəkkirlərinin elm, təhsil, təlim, tərbiyə haqqında fikirlərinin sistemləşdirilmiş ilk məxəzidir. Maarifçilik ideologiyasının carçısı olan “Füyuzat” jurnalında əks etdirilən bir dəyərli fikri xatırlatmaq yerinə düşər: “Mənəvi tərbiyəsini düzgün quran millət həqiqi mənliyə sahib olacaqdır”. Əhalini maarifləndirmək, ictimaiyyətə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq, Azərbaycançılıq məfkurəsinin mahiyyətinin, milli-mənəvi dəyərlərin carçısı olan bu kitab hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaqdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, “Naxçıvan” Universitetinin rektoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, son illər Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədləri mütərəqqi təhsil imkanlarını artırmaqla yanaşı, milliliklə bəşəriliyin nümunəvi modelini təqdim edir. İmzalanmış mühüm dövlət sənədləri təhsilimizin maarifçi ruhunda inkişafına təkan verməklə tarixiliklə müasirliyin vəhdətində inkişaf edir.
Qeyd olunub ki, uzun illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı salınmış tərbiyə sistemimizi formalaşdırıb meydana çıxarmaq müstəqillik dövrü təhsil islahatlarının mühüm hissələrindən biridir. Yeni nəşr şifahi xalq ədəbiyyatımızda, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün yaxın və məqsədyönlü olan Şərq ənənələrində və həm də ümumbəşəri dəyərlərdə öz əksini tapan təlim-tərbiyə məsələlərinin tədqiqi və təbliği baxımından nümunəvi qiymətli əsər hesab oluna bilər. Bu gün təqdimatı keçirilən kitab muxtar respublikamızda təhsilin yeni məzmun xüsusiyyətləri üzərində inkişafına öz töhfəsini verəcək.
Sonda kitabda əsərləri yer alan müəlliflərin həyat və yaradıcılığına həsr olunmuş slaydlar, tələbələrin ifasında “Pedaqoji fikir tarixindən” kitabından seçmələrdən ibarət bədii kompozisiya nümayiş etdirilib, kitab müəllim və tələbələrə təqdim olunub.
Tədbir iştirakçıları üçün təşkil edilmiş “Oxunması zəruri olan kitablar”dan ibarət sərgi də maraqla qarşılanıb.

Gülcamal Tahirova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR