III ixtisas qrupunun imtahanları Naxçıvanda şəffaflıqla başa çatıb
İyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli, Heydər Əliyev adına tam orta məktəblərdə keçirilən imtahanlarda 2 min 14 abituriyent iştirak edib. İmtahana 194 nəzarətçi-müəllim, 16 imtahan rəhbəri cəlb olunub.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 14 nömərli tam orta məktəbin önündə 12 nömrəli tam orta məktəbin məzunu olan Pəri İbrahimova dedi:
– Mütəmadi təşkil olunan sınaq imtahanlarının bizə çox köməkliyi olub. İndi də elə bilirəm ki, adi sınaqlardan biridir. Bir azdan imtahan zalına daxil olub bütün sualları cavablandıracağam. Sınaq imtahanlarında 600-dən yuxarı bal toplayırdım. Hədəfim 650-ni keçməkdir.
Həmin gün valideynlər abituriyentlərdən daha həyəcanlı idilər. Onları başa düşmək çətin deyil. Valideyn Əziz Məmmədov deyir:
– 9 övladım var. O biri övladlarım böyükdür. Onları oxuda bilmədim. Ancaq son illərdə təhsilə göstərilən qayğı bir valideyn kimi məni də ruhlandırdı. Şərur rayonunun Danyeri kəndindənəm. Orada müasir məktəb binası tikilib. Qızım da o məktəbi bitirib. Sınaq imtahanlarında 500-dən yuxarı bal toplayırdı. İnanıram ki, övladım bu imtahanda ümidləri doğruldacaq.
Naxçıvan şəhərindən olan valideyn Əhməd Cəfərovun dediklərindən: – Oğlum bu gün imtahan verir. Ona mənəvi dəstək olmağa gəlmişik. Çox həyəcanlıyıq. Ancaq bir cəhətdən arxayınıq ki, muxtar respublikamızın hər yerində tədrisin keyfiyyətinə xüsusi diqqət yetirilir. Deməli, oğlumun heç bir çətinlik çəkmədən normal nəticə göstərmək imkanı var. Övladlarına dəstək olmaq üçün burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
Heydər Əliyev adına tam orta məktəbin məzunu Fatma İsmayılova bir azdan imtahan zalına daxil olacaq. Onun da fikirlərini öyrəndik:
– Uzun zamandır həyəcanla gözlədiyim gündür. Özümə güvənim sonsuzdur. Mən sınaq imtahanlarında 600-dən yuxarı bal toplayırdım. İnanıram ki, qəbul imtahanında da bu nəticəni göstərəcəyəm. Şahbuz rayonunun Külüs kəndindən olan Sənan Bayramlı, Ordubad rayonunun Üstüpü kəndindən olan Turac Muradova da belə düşünürlər.
...Nəhayət, imtahanlar başa çatır. İmtahanların gedişinə nəzarət edən müəllim Sahilə Hüseynova bildirir ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib. Belə ki, həmin müddət ərzində abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəldiblər. Bir sözlə, imtahan əsl bilik sınağı ab-havasında keçib.
İmtahandan yenicə çıxmış Babək rayonunun Güznüt kəndindən olan Nadim Nəcəfov dedi ki, imtahan zalına daxil olanda bir az həyəcanlı olsam da, özümə tam əmin idim. Sualları cavablandırmağım da bir o qədər çətin olmadı. Suallara doğru cavab verdiyimə əminəm. Tələbə adını qazanmaq ən böyük arzumdur. İnanıram ki, bu adı qazanacağam. Yalnız bununla bizim üçün yaxşı təhsil şəraiti yaradan dövlətimizə, biz gənclərin savadlı olması üçün zəhmət çəkən müəllimlərimizin əməyinə layiqli cavab verə bilərik.
Daha bir abituriyent Nurxanım Həsənova dedi ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun sualları dəqiq cavablandırmasına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib.
Sara ƏZİMOVA