“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Sədərək rayon birinciliyi təşkil edilib.
Olimpiada çərçivəsində yarışlar “Xəmsə”, “Poliqon” və “Vətəni tanı” intellektual oyunları üzrə vahid turnir şəklində keçirilib.
“Xəmsə” milli intellektual oyununun yekun nəticələrinə görə Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Qeyrət qalası” komandası I, Heydərabad qəsəbə tam orta məktəbinin “Qartal” komandası II, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Günnüt” komandası isə III yerə layiq görülüblər.
“Poliqon” strateji intellektual oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Mübariz” komandası qalib adını qazanıb. Qaraağac kənd tam orta məktəbinin “Əlincə” komandası II, Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Şahin” komandası III olub.
“Vətəni tanı” intellektual oyununda pazl şəklində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Sədərək kənd 2 nömrəli tam orta məktəbin “Sərhədçi” komandası hamıdan güclü olub. Digər iki pillədə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin “Qarabağ” və Qaraağac kənd tam orta məktəbinin “Qaraağac” komandaları qərarlaşıblar.
Qaliblərə təşkilatçıların diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim edilib.
Qeyd edək ki, intellektual oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi birgə təşkil edib. Qalib komandalar may ayında keçiriləcək muxtar respublika birinciliyində rayonu təmsil edəcəklər.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti