Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Bu məqsədlə aprelin 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından əhatəli bəhs edib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Ümumtəhsil məktəblərinin kitabxanalarında həmin kitablardan ibarət guşələr yaradılıb.
Mövcud şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrini oxumağa təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir.
Qeyd olunub ki, şagirdlərlə məqsədyönlü maarifləndirmə işlərinin aparılmasına, oxunması zəruri olan kitabların mütaliəsinə bundan sonra da diqqət artırılmalı, şagirdlərə ümumtəhsil məktəblərinin kitabxanalarından müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığı aşılanmalıdır.
Təhsil naziri bildirib ki, “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir. “Mütaliə aylığı”nda “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı, oxunması zəruri olan kitabların müzakirəsi, əsərlər haqqında şagirdlər tərəfindən essenin yazılması, mütaliənin rolu və əhəmiyyəti ilə bağlı şagirdlərlə maarifləndirici söhbətlərin aparılması, “Oxu günü”nün, “Poeziya günü”nün, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə və İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecənin keçirilməsi nəzərdə tutulur. Həmçinin ay daxilində şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək və dram müsabiqəsi keçiriləcəkdir.
Tədbirdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Rüstəmova, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin kitabxana müdiri Atikə Həsənli, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Güllü Allahyarova çıxış edərək şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında qarşıda duran vəzifələrdən, mütaliəyə marağın yaradılmasında məktəb kitabxanalarının rolundan, oxunması zəruri olan kitabların mütaliə mədəniyyətinin formalaşmasındakı əhəmiyyətindən danışıblar. Çıxış edənlər muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti