Bu gün Naxçıvanın tarixi, mədəniyyəti, elmi-ədəbi mühiti dərindən öyrənilir, sanballı tədqiqat materialları nəşr olunur. Bu dəyərli mənbələrin qorunması və təbliği, gələcək nəsillərə çatdırılması vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin fəaliyyəti, bu mənada, mühüm əhəmiyyət daşıyır.
2019-cu ilin yanvar və fevral aylarında Naxçıvanşünaslıq Mərkəzinə daxil olmuş çap və arxiv materialları komplektləşdirilərək müvafiq fondlarda yerləşdirilmişdir. Həmin materialların 33-nü kitab, 48-ni jurnal, 9-nu buklet, 24-nü arxiv sənədləri təşkil edir. Eyni zamanda Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsində mərkəzə daxil olmuş qəzet və jurnallardan naxçıvanşünaslığa dair 93 məqalə seçilərək kartotekalara daxil edilmiş, mərkəzin skaner otağında 16 kitabın surəti köçürülərək elektron forması yaradılmışdır.
Mərkəzin dövlət orqanları tərəfindən nəşr olunan çap materialları fondunda görkəmli mütəfəkkir Nemətullah Naxçıvani, tanınmış rəssam İbrahim Səfiyev və qafqazşünas alim Rudolf İvanovun kitablarından ibarət sərgi yaradılmışdır. Həmçinin 2018-ci ildə nəşr olunmuş kitabların, sənədli filmlərin və “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabının təqdimatı olmuş, “Naxçıvanın muxtariyyəti qətiyyət və mübarizənin qələbəsidir”, “Görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə” mövzularında açıq dərslər keçilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi