Heydər Əliyev Muzeyində növbəti açıq dərs “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusuna həsr olunub.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən dərsdə 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasından danışılıb. Qeyd olunub ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına diqqət daha da artırılıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması ölkəmizin siyasi tarixində əhəmiyyətli hadisə olub. Müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll edən ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını böyük qətiyyətlə alıb, onu daha da möhkəmləndirib.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
Xəbərlər şöbəsi