AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sara Hacıyevanın çapdan çıxmış “Naxçıvan bölgəsinin xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidəsi kimi” adlı yeni kitabı Naxçıvan tarixinin orta əsrlər dövrünə aid son dövrlər nəşr olunmuş ən maraqlı əsərlərdən biridir.
Monoqrafiyada Naxçıvan Muxtar Respublikası və tarixi Naxçıvan ərazisindəki orta əsrlərə aid qəbiristanlıqlarda zəmanəmizədək gəlib çıxan, bir qismi muzeylərdə mühafizə edilən qəbirüstü xatirə abidələri və onların üzərindəki təsvirlər təhlil edilib, bu abidələrin hazırlandığı bədii daşyonma mərkəzləri, sənətkar sexləri haqqında məlumat verilib. Yazılmasında istinad olunan abidələrin fotoşəkilləri və qrafik təsvirlərinin də əlavə olunduğu kitab elmi işçilər, magistrantlar və doktorantlar, eyni zamanda bölgə tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Elmi redaktoru və “Ön söz” müəllifi tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri AMEA-nın müxbir üzvü Vəli Əliyev və tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev olan monoqrafiya üç fəsildən ibarətdir.
Monoqrafiyanın birinci fəsli İslam dinində təsvir-rəsm və heykəl məsələlərinə həsr olunub. Tədqiqatçı bu mövzunu ətraflı araşdırmaqla İslam dininin təsviri sənətə münasibətinə və onun səbəbləri ilə bağlı bir çox ciddi məqamlara aydınlıq gətirib. “Naxçıvan ərazisi bədii daşyonma sənəti üzrə mərkəzlərdən biri kimi” adlanan ikinci fəsildə Naxçıvan ərazisindəki bədii daşyonma sənəti nümunələri haqqında ümumi məlumat verilir, qəbirüstü xatirə abidələri – başdaşılar, sənduqələr, qoç, qoyun və at heykəllərinin mahiyyəti açılır. Monoqrafiyanın III fəslində xatirə abidələri üzərindəki təsvirlərin təsnifatı aparılıb, canlı təsvirlər, sənətkarlıqla bağlı, səma cismləri ilə əlaqədar, hərb sənəti və ovçuluqla bağlı təsvirlərin, həmçinin nəbati və həndəsi ornamentlərin mahiyyəti açılır. Tədqiqat əsəri “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.
Elnur KƏLBİZADƏ