AMEA Naxçıvan Bölməsində Əməkdar elm xadimi, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Tariyel Talıbovun mənalı ömür yoluna, zəngin elmi-pedaqoji fəaliyyətinə nəzər salıb. Bildirib ki, görkəmli alim bütün ömrünü Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyinə, müasir vəziyyətinə, nadir, endemik, nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadə olunması və mühafizəsinə həsr edib.
Akademik bildirib ki, Tariyel Talıbov səmərəli fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilib, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Yubiley qızıl medalı”na, AMEA-nın Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 fevral tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.
Sonra İsmayıl Hacıyev çoxillik və səmərəli fəaliyyətinə görə Tariyel Talıbova bölmənin fəxri fərmanını təqdim edib.
Tədbirdə AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Saleh Məhərrəmov, Əliəddin Abbasov, Əbülfəz Quliyev və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov alimi 70 illik yubileyi münasibəti ilə təbrik edib onun elmi fəaliyyətindən ətraflı söhbət açıblar.
Yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə alimin elmi fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi