23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda uşaqların əlverişli sosial mühitdə böyüməsi diqqətdə saxlanılır, onların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Müasir uşaq bağçaları istifadəyə verilir, uşaqların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili daim diqqət mərkəzində saxlanılır. Hərtərəfli infrastruktur yaradılmış məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar unikal şəraitdə böyüyür və məktəb həyatına hazırlanır.

Yolumuzu ötən günlərdə istifadəyə verilən Naxçıvan şəhərindəki 2 nömrəli uşaq bağçasına salırıq. Məktəbəqədər tərbiyə müəssisəsinə qədəm qoyduğumuz andan buradakı səmimi atmosfer bizdə xoş təəssüratlar yaradır. Bağçanın müdiri Şeyda Əliyeva bizi bu müəssisə ilə tanış edir. O bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük­­ diqqət və qayğısı nəticəsində bağçada balaca fidanların hərtərəfli inkişafı, ilkin təhsil vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb. 200 yerlik bağça 4 mərtəbədən ibarətdir. Binada valideynlər və tibb otaqları, 2 oyun zalı, metodik kabinə, dərzi, camaşırxana, mətbəx, bufet, ərzaq anbarı, tədbirlər zalı, tərbiyəçi-metodist və digər otaqlar yerləşir. Burada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Bağçada hər birində yemək və yataq otağı, mətbəx və oyun zalı olan 3 körpələr, 2 orta, 3 böyüklər və 2 məktəbəhazırlıq qrupları vardır. Uşaqların təlim-tərbiyəsi ilə 20 müəllim, 10 dayə məşğul olur, onlara ilkin oxu və riyazi vərdişləri aşılanır, onların bədii­-estetik zövqlərinin formalaşdırılması üçün məşğələlər keçirilir. Maraq dairələrinə uyğun təşkil edilən bu məşğələ və tədbirlər körpə balalarımızın bədii-texniki, fiziki-mənəvi kamilliyini inkişaf etdirməklə yanaşı, dünyagörüşlərini də artırır.

Şeyda müəllimə onu da vurğulayır ki, bağçamız işini islahatlara uyğun yeni metodlar üzərində qurub. Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların intellektual səviyyəsinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.
Balacalara biliklər öyrədən Vüsalə müəllimə bizimlə söhbət zamanı dedi ki, övladlarımız üçün dünyaya pəncərə sayılan bağçalarda bu gün onların hərtərəfli böyümələri, təlim-­tərbiyəsinin günün tələbləri səviyyəsində qurulması və sağlamlıqlarının qorunması məqsədilə də lazımi şərait yaradılıb. İstifadəyə verilən uşaq bağçaları, açığını deyim ki, öz müasir görünüşü və təminatına görə vaxtilə fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrindən müqayisə olunmaz dərəcədə öndədir. Vüsalə müəllimə onu da bildirir ki, uşaqlara Vətən haqqında ilkin biliklər də bağçada öyrədilir. Onlara dövlət atributlarımız – bayrağımız, himnimiz, gerbimiz haqqında məlumat verir, Azərbaycan xəritəsi ilə tanış edirik.
Dayələrdən Sevinc Rzayeva, Nuranə Məmmədova vurğulayırlar ki, bu gün uşaqların ekoloji təmiz yerli məhsullarla qidalanmaları qayğısına da qalınır, istirahət rejiminə düzgün əməl olunmasına xüsusi diqqət yetirilir.

Artıq iş günü başa çatmaqda olduğundan övladlarını götürməyə gələn bir neçə valideynlə də rastlaşıb söhbət edə bildik. Onlar da burada yaradılan şəraitdən ürəkdolusu söhbət açaraq övladlarını məmnuniyyətlə bu məktəbəqədər tərbiyə ocağına etibar etdiklərini söylədilər. Qeyd etdilər ki, bağçalar işləyən valideynlərin yaxın köməkçisidir. Bu gün həmin valideynlər çətinlik çəkmədən müxtəlif fəaliyyət sahələrində çalışırlar. Muxtar respublikada valideynləri işləyən, xüsusi qayğıya ehtiyacı olan ailələrdə böyüyən və sağlamlıq imkanları məhdud uşaqların bağçalara üz tutması da xüsusilə qeyd olunmalıdır. Bu da həmin uşaqların erkən yaşlarında cəmiyyətə inteqrasiyasını təmin edir, onların ailələrinə mənəvi dayaq olur.
“Övladımın bir vaxtlar getdiyi bağçanın binası rütubətli idi, qışda soyuq olur, qarlı-­yağışlı havalarda daha pis vəziyyət yaranırdı. Körpələrin nə sağlamlığının, nə də düzgün qidalanmasının qayğısına qalınırdı. Bəzən uşaqlar bağçadan qayıdanda elə ac olurdular ki, bu vəziyyəti görəndə onları bağçaya göndərdiyim üçün özümü qınayırdım. Ancaq indi hər şey yaxşıya doğru tam dəyişilib. Hər tərəfi gül kimi təmiz, kollektivi gülərüz bağçalar­da uşaqları rəngbərəng oyun­­­­caqlarla oynayan görəndə ürəyim dağa dönür. Nəvələrim evimiz qədər etibar etdiyimiz müasir bağçalara gedir”, – deyən Validə Məmmədova onu da bildirir ki, bağçada hər bir uşağa valideyn qədər qayğı göstərilir, düzgün tərbiyə edilir. Bu da müstəqil dövlətimizin bu sahəyə diqqət və qayğısının nəticəsidir.
Həmsöhbətimin sözləri keçən əsrin 80-ci illərini, uşaq bağçalarının mənzərəsini gözlərim önünə gətirir, uşaqlıq çağlarım həmin illərə təsadüf etdiyi üçün hansı şəraitə malik bağçalarda tərbiyə edildiyimizi xatırlayıram. Və bu gün bir vətəndaş və valideyn olaraq sevinirəm ki, gələcəyimiz olan uşaqlar dövlətimizin himayəsi altında hər cür şəraitə malik bağçalarda böyüyürlər.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR