23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin Təhsil Nazirliyinə hamiliyə verilmiş Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, informatika, xarici dil müəllimliyi və filologiya ixtisası üzrə III kurs tələbələri, həmçinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri ilə ­təcrübəqabağı konfrans keçirilib.
Konfransda “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirib ki, ali məktəblərdə müəllimlik ixtisaslarında təhsil alan tələbələrin pedaqoji təcrübə keçmələri onların gələcəkdəki fəaliyyətində mühüm rol oynayacaq amillərdəndir. Özünü tamamilə doğrultmuş bu prosesdə “Naxçıvan” Universiteti də həmişə fəallıq göstərir. Pedaqoji təcrübəyə cəlb olunan müəllim və tələbələrlə söhbətlər aparılır, təcrübənin keçirildiyi məktəblərlə sıx əlaqə qurulur, tələbələrin ixtisas və metodik biliklərinin təcrübi yolla artırılması diqqət mərkəzində saxlanılır. Növbəti təcrübənin də faydalı olacağına əminliyini bildirən rektor tələbələrə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün hər cür şərait yaradılıb. “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial-məişət şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 220-si ixtisas seçimi zamanı bu təhsil müəssisəsinə üstünlük verib. Həmin 220 abituriyentdən 104-ü pedaqoji profilli ixtisaslarda təhsil alır.

Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin yüksək səviyyədə hazırlığı və eləcə də ixtisaslı kadr potensialının formalaşması baxımından əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə “Naxçıvan” Universitetinin 8 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı, vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin bir məzunu ümumtəhsil məktəblərində psixoloq, bir məzunu isə tərbiyəçi vəzifəsinə təyin edilib.
Diqqətə çatdırılıb ki, 18 fevral-6 aprel 2019-cu il tarixlərdə Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhərinin 11, 15 nömrəli və Babək rayonunun Kərimbəyli kənd tam orta məktəblərində 106 tələbə pedaqoji təcrübədə olacaqdır. Təcrübə tələbələrin aldıqları nəzəri bilikləri tətbiq etmələri və pedaqoji prosesi əyani şəkildə öyrənmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələr bu müddət ərzində pedaqoji prosesi mənimsəmə və pedaqoji mühitə uyğunlaşma imkanı əldə edirlər. Ona görə də Təhsil Nazirliyi tərəfindən onların yüksək səviyyədə praktik iş qabiliyyətinə yiyələnmələri diqqətdə saxlanılacaq, tələbələrin təcrübə keçdikləri orta məktəblərdə açıq dərsləri təşkil olunacaqdır.
Nazir məktəblərdə dərslərin təşkili, təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı və təcrübənin təşkilinə dair məktəb direktorlarına tapşırıqlar, tələbələrə isə ümumtəhsil məktəblərində yaradılan şəraitdən səmərəli yararlanmaları, dərslərə hazırlıqlı daxil olmaları, kütləvi tədbirlərdə fəallıq göstərmələri, nizam-intizam qaydalarına riayət etmələri ilə bağlı tövsiyələr verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək metodistlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında məlumat verib, “Müəllimlik peşəsinin xüsusiyyətləri” mövzusunda slayd nümayiş olunub.
Sonda “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə dərslik və metodik vəsaitlər hədiyyə edilib.

Mahir Babayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR