Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamla təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikanın digər təşkilatları ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən də silsilə tədbirlər həyata keçirilir. Bunlardan biri də fevral ayı ərzində ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan “Naxçıvan – mənim doğma diyarım” mövzusunda inşa yazı, rəsm və şeir müsabiqələridir.
Müsabiqə qaliblərinin mükafatlandırılması fevralın 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova müsabiqənin əhəmiyyətindən danışaraq bildirib ki, 3 fevralda başa çatan şəhər və rayon mərhələlərinin qalibləri muxtar respublika mərhələsində iştirak etmək hüququ əldə ediblər. 5-7 fevral tarixlərdə həmin müsabiqələrin muxtar respublika mərhələsi keçirilib. İnşa yazı müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan və rayon (şəhər) mərhələsinin qalibi olmuş 60 şagird iştirak edib. Bədii qiraətçilərin müsabiqəsində 30 şagird istedadını sınayıb. Rəsm müsabiqəsində isə muxtar respublikanın 40 fırça həvəskarı öz bacarığını nümayiş etdirib.
İştirakçılar tərəfindən müsabiqəyə Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən inşa, şeir və rəsmlər təqdim olunub.
Müsabiqə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqələrin hər birində bir-I yer, 2-II yer, 3-III yer və 3 həvəsləndirici yer olmaqla, 27 qalib müəyyən edilib.
Muxtar respublikanın 95 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti