23 Dekabr 2024, Bazar ertəsi

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Hər bir ölkənin sosial-iqtisadi inkişafında aparıcı qüvvə hesab olunan gənclər cəmiyyətin ictimai-siyasi, ­sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edərək, əksər proseslərin mərkəzində dayanırlar. Bu gün muxtar respublikamızda da prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərdən biri gənclər siyasətidir. Muxtar diyarımızda gənclərə diqqət və qayğı hər il daha da artır və bunun sayəsində uğurlu nəticələr müşahidə olunur. Doğma diyarımızın tərəqqi və inkişafı gənclərin bu torpağa bağlılığını artırır, onları cəmiyyətdə özlərini təsdiq etməyə ruhlandırır, gələcəyə böyük inamla addımlamalarına şərait yaradır. 

Bu gün gənclərimiz onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışır, milli-mənəvi, maddi-mədəni dəyərlərin təbliğatçısı kimi muxtar diyarımızın dünyada tanıdılmasında fəaliyyətlərini genişləndirir, hər sahədə qazandıqları uğurlarla muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 31 yanvar tarixli Sərəncamı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahəsində xüsusi fərqlənən gənclər sırasında 2019-cu il Gənclər üçün Prezident mükafatı verilən Nigar Mirzəmmədova da belə gənclərimizdəndir.

Babək rayonunun Babək qəsəbəsində dünyaya göz açan Nigar 2013-cü ildə həmin qəsəbənin Vəli Mahmudov adına orta məktəbini uğurla başa vurub. Elə məzun olduğu ildə də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə tələbə adını qazanıb. Nigar universitetdə təhsil aldığı illərdə bir sıra tədbirlərdə fəal iştirak edib, bir çox mükafatlara layiq görülüb. 2017-ci ildə universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək elə həmin ildə Naxçıvan şəhəri Eynəli Sultanov adına 7 nömrəli tam orta məktəbdə keçirilən əmək yarmarkasında iştirak edib və Şahbuz rayonu, Afət Hüseynov adına Ağbulaq kənd tam orta məktəbində İngilis dili müəllimliyi vəzifəsinə təyinat alıb.
Hazırda həmin məktəbdə ixtisası üzrə çalışan müəllim “Yolun uzaq olması sizi yormur ki?” sualını belə cavablandırır:
– Məktəb yaşlarımda bir kitab oxumuşdum. Məzmunu belə idi: Ucqar dağ kəndinin şaxtasına, boranına, əzab-əziyyətinə baxmayaraq, gənc bir müəllim şagirdlərinə həvəslə, təmkinlə təkcə bilik öyrətmirdi, həm də həyatı sevdirirdi, arzuları reallaşdırmaq, məqsədə çatmağın yollarını göstərirdi. O kitabın qəhrəman müəllimi hər zaman ideal müəllim olmağa səsləyib məni. Elə təhsil aldığım məktəbin, universitetin müəllimlərinin də bu peşəni sevməyimdə əməkləri böyükdür. Şagirdlərimi və onlarla işləməyi sevirəm. Öyrənməyə maraqlı şagirdləri gördükcə bu, mənə peşəmi daha çox sevdirir, onların gözlərindəki parıltı mənə stimul verir.
Gənc müəllimdən yaxın günlərdə qazandığı mükafatın sevincini də bizimlə bölüşməyi xahiş edirəm. Onun dediklərindən:
– Bu gün muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyi­nin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir. Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 31 yanvar tarixli Sərəncamı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətinə görə xüsusi fərqlənən bir qrup şəxs 2019-cu il Gənclər üçün Prezident mükafatına layiq görüldü. Təltif edilənlər arasında mənim də adımın olması sevincini heç bir sözlə ifadə edə bilmərəm. Bu, mənim həyatımdakı ən böyük uğur, ən böyük nailiyyətdir. Əməyimə göstərilən bu qayğı və diqqət, verilən dəyər məndə böyük ruh yüksəkliyi yaratdı, gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq etdi. Bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün səylə çalışacağam, öz ölkəmə, xalqıma layiqincə xidmət edəcəyəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən yüksək qiymətə əməli işimlə cavab verəcəyəm.
Nigar müəllimə bildirdi ki, vətənpərvər valideynlərin, müəllimlərin verdiyi düzgün tərbiyə hər bir uşağın şüurunda dərin iz buraxır və bu ruhda böyüyən uşaq Vətəninə, xalqına, millətinə sevgi ilə, sədaqətlə yanaşır, öz ölkəsinin işıqlı sabahı naminə əlindən gələni əsirgəmir. Mən də dərs dediyim şagirdlərdə ilk olaraq bu hissi formalaşdırmağa çalışıram. Bu ruhda böyüyən nəsil gələcəkdə istər Vətənin müdafiəsində, istər milli və mədəni dəyərlərin təbliğində, istərsə də dövlətçilik ənənələrinin yaşadılmasında öz vəzifəsinin öhdəsindən layiqincə gələcək. Bir müəllim kimi öz üzərimə düşən vəzifələri yerinə yetirməklə yanaşı, həm də gələcək nəsil üçün millətini, torpağını, yurdunu, el-obasını sevən vətənpərvər şagirdlər yetişdirməyə bundan sonra da səy göstərəcəyəm.
Bəli, bu gün təhsil sahəsində səmərəli fəaliyyətinə görə xüsusi fərqlənən Nigar Mirzəmmədova kimi gənc­lərimiz gələcəyimizin bir daha əmin əllərdə olduğunu göstərir. Gənc olmasına baxmayaraq, gələcək nəslin hərtərəfli böyüməsinə öz töhfəsini verən müəllimə bundan sonra da fəaliyyətində uğurlar arzulayırıq.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR