Muxtar respublikamızda 36 məktəbdənkənar müəssisə fəaliyyət göstərir ki, onlardan da 6-sı paytaxt Naxçıvan şəhərinin payına düşür. Həmin müəssisələr arasında fəaliyyət imkanlarının genişliyi baxımından Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusilə seçilir.
Şəhərimizin qoynunda, bir-birindən yaraşıqlı tikililərin əhatəsində, hər gün yüzlərlə uşağın sevə-sevə üz tutduğu məkan – Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əzəmətli binası ucalır. Yetişməkdə olan nəslin yaradıcılıq yoluna, bədii təfəkkürünə işıq salan həmin mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə adıçəkilən ünvana yollanıram. Binanın qarşısındakı ağaclar arasında ikibir, üçbir toplaşan uşaqların bir-biriləri ilə şirin söhbəti, aralarındakı kiçik müzakirələr diqqətimi çəkir. Məktəblilərdən biri əlindəki kağız-qələmlə yoldaşına nəyisə izah edir, digəri müxtəlif hərəkətlərlə sanki rəqs elementlərini göstərir, başqası musiqi notlarının adlarını uca tonla təkrarlayırdı. Qısa müşahidələrdən mərkəzdə məşğələlərin maraqlı keçirildiyi açıqca görünürdü.
Mərkəzin fəaliyyəti ilə tanışlıq zamanı öyrəndim ki, 1979-cu ildə Naxçıvan şəhər pionerlər evi kimi yaradılan məktəbdənkənar müəssisə 2009-cu il mart ayının 19-dan etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi adı ilə fəaliyyət göstərir. Mərkəzin ulu öndərin adını daşıması əməkdaşların üzərinə böyük məsuliyyət qoyur, onları daha səylə çalışmağa sövq edir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, “Uşaqlar bizim gələcəyimizdir”, – deyən ümummilli lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində balacalara böyük qayğı ilə yanaşıb. Məhz dahi siyasətçinin rəhbərliyi ilə uşaq və yeniyetmələrin sağlamdüşüncəli, hərtərəfli biliyə malik yetişmələri istiqamətində bir sıra tədbirlər həyata keçirilib, fərman və sərəncamlar imzalanıb. Bu siyasət hazırda muxtar respublikamızda uğurla davam etdirilir.
Mərkəzin direktoru Murad Babayev bizimlə söhbət zamanı dedi ki, bu gün kütləvi informasiya vasitələrindən dünyanın bir sıra ölkələrində uşaqların, yeniyetmə və gənclərin ehtiyac içində yaşamaları, zərərli vərdişlərlə böyümələri ilə bağlı məlumatlar alırıq. Aparılan araşdırmalar göstərir ki, belə xoşagəlməz vəziyyətlərin əksəriyyəti valideynlərin etinasızlığı üzündən baş verir. Böyüklər övladlarının istək və arzularını nəzərə almır, onları müasir dövrün naqislikləri ilə baş-başa buraxırlar. Belə olduqda gələcək nəsil düzgün formalaşmır, həmyaşıdlarından həm fiziki, həm də psixoloji cəhətdən geri qalır. Çox gözəl haldır ki, doğma diyarımızda sağlam gələcəyimizə hesablanmış məqsədyönlü tədbirlər görülür, uşaqlar erkən yaşdan bilik və bacarıq aşılayan müəssisələrə yönəldilir. Təcrübə göstərir ki, məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə üz tutanların fiziki və mənəvi inkişaf səviyyəsi artır, onlarda pis vərdişlərə meyil yaranmır, sağlam həyat tərzi formalaşır.
Murad Babayev onu da bildirdi ki, hazırda mərkəzdə 5 adda şöbə, 53 adda dərnək təşkil olunub. Bu dərnəklərdə 2000-ə yaxın şagirdin yaradıcılıq imkanları inkişaf etdirilir. Məşğələlərdə uşaq və yeniyetmələrə rəssamlıq, bədii tikmə, rəqs, musiqi və digər yaradıcı sənət sahələrinin incəlikləri nəzəri biliklər və praktik vərdişlərlə mükəmməl şəkildə öyrədilir. 2018-2019-cu tədris ilində “Nağıl və debat”, “Həyat bilgisi” və “Yol hərəkəti qaydaları” adlı yeni dərnəklər açılıb. Həmçinin yaradıcı təfəkkürlər və bacarıqlar nəzərə alınaraq gələcəkdə “Xalçaçılıq”, “Dərzilik” “Dram”, “Muğam”, “Solo” və digər dərnəklərin yaradılması da nəzərdə tutulub. Bundan əlavə, tədris ilinin əvvəlində tədbirlər planı hazırlanıb, buna uyğun olaraq əlamətdar gün və bayramlarda uşaqların iştirakı ilə müxtəlif tədbirlər təşkil olunur. Eyni zamanda mütəmadi olaraq dərnək üzvlərinin iştirakı ilə təbiət qoynunda müxtəlif səpkili görüşlərin keçirilməsi, mərkəzdə tarix və mədəniyyətimizi əks etdirən filmlərin nümayiş olunması məktəblilərin cəmiyyətə yararlı, Vətənə layiqli gənclər kimi yetişmələrinə xidmət edir.
Müəssisə ilə tanışlıqdan o da məlum oldu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq mərkəzin əməkdaşları ümumtəhsil məktəbləri ilə əlaqə saxlayaraq bu kateqoriyadan olan uşaqları da dərnəklərə cəlb edirlər. Hazırda burada, ümumilikdə, 20 sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə “Aplikasiya”, “Dekorativ rəsm”, “ Yumşaq oyuncaqlar”, “Stolüstü tennis” dərnəkləri yaradılıb.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi artıq uzun illərdir ki, diyarımızda xüsusi qayğı ilə böyüməkdə olan nəslin sevimli ünvanına çevrilib. İnanırıq ki, bu gün həmin mərkəzdə bilik və bacarığını inkişaf etdirən azyaşlı uşaq gün gələcək tanınmış sənət adamı kimi yetişəcək və muxtar respublikanı mötəbər tədbirlərdə ən yüksək səviyyədə təmsil edəcək.
Nail ƏSGƏROV