Bir müddət əvvəl “Naxçıvanlı diplomatlar” rubrikasındakı yazılarımızın birində XX əsrdə ən böyük diplomatlarımızdan biri, Azərbaycan SSR-in Türkiyədə ilk səfiri olmuş İbrahim Əbilov haqqında yazarkən bu diplomatın qardaş ölkədə istiqlaliyyət savaşının qazanılmasındakı misilsiz xidmətləri haqqında oxumuş, onun siyasi irsinin öyrənilməsi və geniş şəkildə təbliğinin nə qədər əhəmiyyətli olması haqqında düşünmüşdüm.
Bu günlərdə isə ziyalılarımızdan birinin hədiyyə etdiyi yeni kitab bu mənada məni çox sevindirdi. Çünki artıq görkəmli diplomat İbrahim Əbilovun Türkiyə Cümhuriyyətinin qurtuluş savaşındakı rolu haqqında Türkiyə oxucusu da geniş və müfəssəl məlumat almaq imkanına malikdir. Belə ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Akif Axundovun müəllifi olduqları “Mustafa Kamalın dostu İbrahim Əbilov” adlı kitab Türkiyə türkcəsində Ankarada 1000 tirajla çapdan çıxıb. Ankaranın Atalay mətbəəsində çap olunan kitabı türk dilinə doktor Yusif Gədikli çevirib. Redaktorları professor-doktor Nail Tan və professor-doktor Hayrəttin İvgin olan kitab Türkiyə Mədəniyyət Nazirliyinin sertifikatı ilə işıq üzü görüb.
Tarixi-bədii bir qələm təcrübəsi olan əsərdə tarixi hadisələrin, siyasi proseslərin axıcı və bədii bir dillə təsviri verilib. Azərbaycan diplomatik korpusunun nümayəndə heyətinin İtaliyanın “Reno” gəmisində Türkiyəyə səfərinin təsviri ilə başlayan əsərdə yeri gəldikcə İbrahim Əbilovun əvvəlki dövrdəki ictimai-siyasi fəaliyyəti, 1918-1919-cu illərdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan diyarında ermənilər tərəfindən törədilən qırğınların əsl mahiyyəti, Sovet Rusiyası və Azərbaycan SSR, Sovet Rusiyası və Türkiyə Cümhuriyyəti, Azərbaycan SSR və Türkiyə Cümhuriyyəti arasındakı münasibətlər, türk milli azadlıq hərəkatına dair V.Lenin, N.Nərimanov, Çiçerin, B.Şahtaxtinski kimi dövlət xadimlərinin mövqeyi haqqında müfəssəl məlumat verilib. Əsərin başlıca süjet xəttini isə M.K.Atatürk və İ.Əbilov arasındakı dostluq münasibətləri və bu münasibətlərin ağır geosiyasi proseslər kontekstində Sovet-Türkiyə münasibətlərinə müsbət təsiri təşkil edir.
Əsərdə İ.Əbilovun ölümü ilə bağlı məqamlar tam açıqlanmasa da, onun ölümü səbəbindən Türkiyədə doğan ağır sarsıntı, Mustafa Kamal paşanın ən əziz dostunun ölümündən necə dərin kədər hissi keçirməsi ustalıqla təsvir olunub. Kitabın ən maraqlı məqamlarından biri də ondan ibarətdir ki, başlanğıc və son arasında bir assosiasiya və əlaqə duyulur. Belə ki, İtaliyanın “Reno” gəmisinin Qara dəniz sularında Türkiyəyə doğru üzməsi ilə başlayan əsər bu dəfə eyni gəminin Azərbaycana doğru üzməsi ilə sona çatır. Gəminin bu şəkildə hərəkəti isə iki xalqın ən ağır günlərdə hansı səmtə üz tuta biləcəyini göstərir.
Elnur KƏLBİZADƏ