23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq mövzu ilə bağlı elmi konfransın ilk dəfə keçirildiyini vurğulayıb, tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikasında xalçaçılığın qorunması və inkişafına dövlət qayğısı” mövzusunda çıxış edib. Bildirib ki, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Naxçıvan həm də bu mədəniyyətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsinə geniş imkanlar açıb.
Qeyd edilib müstəqillik illərində bu qədim el sənətinin yaşadılması və təbliği istiqamətində mühüm addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına imkan verəcək. Həmçinin Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət pro­qramının yerinə yetirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq olunub. Həmin Tədbirlər Planında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasının bir sıra nazirlik, komitə, elm və təhsil müəssisələrinə tapşırılıb.

Vurğulanıb ki, sərəncamların icrasına uyğun olaraq muxtar respublikada xalçaçılıq sahəsində aparılan elmi-tədqiqat işlərini sistemli şəklə salmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 iyul tarixli Qərarı ilə AMEA Naxçıvan Bölməsinin tərkibində “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu yaradılıb. Qrup ötən il noyabr ayının 1-dən etibarən fəaliyyətə başlayıb. Bölmənin uyğun mütəxəssisləri Naxçıvanda xalçaçılığın yaranması, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti ilə əlaqədar tədqiqatlarını genişləndirir, qarşıya qoyulan vəzifələrin uğurlu həllinə nail olmaq üçün səylə çalışırlar.
Bildirilib ki, “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda keçirilən elmi konfrans Naxçıvanda xalçaçılığın yaranması, inkişafı, Azərbaycan xalçaçılıq tarixində Naxçıvan xalçaçılıq məktəbinin yeri və rolu, Naxçıvan xalçaçılığının bu günü və gələcəyi ilə əlaqədar aparılan tədqiqatların, əldə olunan nəticələrin müzakirəsi, ümumiləşdirilməsi, xalçalarımızın qorunması, gələcək nəsillərə ötürülməsi, ölkə miqyasında və beynəlxalq aləmdə təbliği sahəsində həyata keçirilən tədbirlərin diqqətə çatdırılması baxımından müstəsna rola malikdir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova “Naxçıvan xalçaları mədəniyyət abidəsi kimi”, Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov “Naxçıvanda xalçaçılıq sənətinin xammal ehtiyatları və onun inkişaf perspektivləri”, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova “Naxçıvanın xovsuz xalçaları”, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının direktoru Səriyyə Hüseynova “Xalçalarımız-xalq müdrikliyinin nümunəsi kimi” mövzularında çıxış ediblər.
Sonra elmi konfransın bölmə ­iclasları keçirilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR