Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçilən təlim kursu başa çatıb. “Reform-Centre” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “Dövlət və özəl sektor arasında tərəfdaşlıq” mövzusunda keçilən təlim kursunun yekununda çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov universitetdə müxtəlif mövzulara həsr olunmuş 11 təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxış edərək təlim kurslarının təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına növbəti qayğısı kimi qiymətləndirib.
Təlim kursunun koordinatoru, “Reform-Centre” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Asif Nəsibov təlim kursunun uğurla keçdiyini, xüsusilə universitet tələbələrinin bu kurslarda fəal iştirak etdiyini bildirib.
Sonda müxtəlif dövlət strukturlarında çalışan mütəxəssislərə sertifikatlar təqdim olunub.
Mina QASIMOVA