23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan torpağı zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir.
Anadan olmasının 127-ci ildönümü münasibətilə rəssamın Naxçıvan şəhərindəki muzeyi ilə ümumtəhsil məktəbləri arasında “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəm­li rəssamıdır” mövzusunda interaktiv dərs keçilib. İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı Sərəncam ilə yaradılıb, 2002-ci il iyunun 18-i ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı olub. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda, ümumilikdə, 1259 eksponat vardır ki, bunlardan 388-i ekspozisiyada sərgilənir. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək bu mədəniyyət müəssisəsinə təqdim edilib.

Qeyd olunub ki, Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan sənətkar bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırıb. Onun “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri bu gün də insanları düşündürür. Bu əsərlərdə mənfur ermənilərin törətdikləri vəhşiliklər böyük ustalıq və vətənpərvərliklə təsvir edilib.

Vurğulanıb ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna rəssamın adı verilib, onun yubileyi muxtar respublikada geniş qeyd olunub, albom-kataloq və sənədli film hazırlanıb. 2016-cı ildə isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində şagirdlər tərəfindən izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR