Ümumtəhsil məktəblərində təhsil alanların attestasiyasının aparılması ilə bağlı yeni qaydaların tətbiqi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə seminarlara start verilib. İlk seminar Naxçıvan şəhərində keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər barədə slaydlar vasitəsilə ətraflı məlumat verib.
Qeyd edilib ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmələrin sayının azaldılmasıdır. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlər, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsil alanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki Böyük Summativ Qiymətləndirmələrin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.
Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) olacaq.
Qeyd olunub ki, summativ qiymətləndirmə 100 ballıq şkala ilə aparılacaq, yalnız yekunda 2, 3, 4 və 5 qiymətlərinə çevrilərək sinif jurnallarına, “Məktəbli kitabçası”na yazılacaq. Başqa sözlə, qaydalara əsasən bütün hesablamalar ballar üzərindən aparılacaq, yalnız son anda həmin balların qiymət qarşılığı da müəyyənləşəcək.
Böyük Summativ Qiymətləndirmə üçün ibtidai siniflərdə 1 dərs saatı, yuxarı siniflər üçün isə yaş xüsusiyyəti və fənnin özünəməxsusluğu nəzərə alınaraq, 45-90 dəqiqəyə kimi vaxt nəzərdə tutulur. Yarım il ərzində fənn üzrə 3-6 Kiçik Summativ Qiymətləndirmə keçirilə bilər.
Dəyişikliklərdən biri də tədris ilində keçiriləcək summativ qiymətləndirmələrin tarixinin şagirdlərə əvvəlcədən elan edilməsidir. Bu, təhsil iştirakçısı kimi şagirdlərə verilən önəmin göstəricisi olmaqla yanaşı, onların fəaliyyətlərinin planlaşdırılması baxımından da faydalıdır.
Şöbə müdiri dəyişikliklərin əhəmiyyətini qeyd edərək bildirib ki, həmin yeniliklərin tətbiqindən sonra ümumtəhsil məktəbində I siniflərdə, təxminən, 72 qiymətləndirmə azalacaq. Əvvəlki qaydalarla müqayisədə ibtidai təhsil səviyyəsi üzrə, ümumilikdə, summativ qiymətləndirmələrin sayı 280-dən 180-ə qədər azalacaq, ümumi orta təhsil səviyyəsi üzrə V-IX siniflərdə hər il orta hesabla 25 böyük summativ qiymətləndirmə aparılmayacaqdır. Yəni əvvəlki illərdən fərqli olaraq hər sinifdə 25 imtahanın azalması nəticəsində, ümumilikdə, 125 böyük summativ qiymətləndirmə keçirilməyəcəkdir. Bu isə məktəbin fəaliyyətinin qiymətləndirilməsinin vahid şkala üzərindən aparılmasını təmin edir, şagirdlərin imtahan yükünü azaldır və onların psixoloji durumunun yaxşılaşmasına, stresdən uzaqlaşmasına müsbət təsir edir.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Ümumtəhsil məktəblərinin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə metodiki vəsaitlər paylanılıb.
Qeyd edək ki, analoji tədbirlər muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti