25 Dekabr 2024, Çərşənbə

“2013-cü ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində Naxçıvan Muxtar Respublikasının tarixi, mədəniyyəti, təbii sərvətlərinin əhatəli şəkildə öyrənilməsi məqsədilə təsdiq edilmiş plana uyğun olaraq, 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya aid 34 işin 95 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Hazırda tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 1 nəfər akademik, 4 nəfər müxbir üzv, 6 nəfər elmlər dоktоru, 52 nəfər fəlsəfə dоktоru, 5 nəfər doktorant, 3 nəfər dissertant, 19 nəfər elmi işçi оlmaqla, 90 nəfər elmi və köməkçi heyət tərəfindən yerinə yetirilir”. AMEA Naxçıvan Bölməsinin 2013-cü ilin birinci yarısına aid elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat yığıncağında bu barədə bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib.

Qeyd edilib ki, birinci yarımildə AMEA Naxçıvan Bölməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın 90, akademik Cəlal Əliyevin 85 illik yubileyləri, Azərbaycan teatrının yaranmasının 140 illiyi, digər tarixi günlər və şəxsiyyətlərlə əlaqədar elmi kоnfrans və tədbirlər keçirilib, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə” Sərəncamından irəli gələn elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışılıb.

Bölmə institutlarının fəaliyyətini konkret rəqəmlərlə ifadə edən akademik İsmayıl Hacıyev deyib ki, bəhs olunan dövrdə Tarix, Etnо­qrafiya və Arxeоlоgiya İnstitutunda aparılan tədqiqatlarla bağlı institut əməkdaşlarının 5 mоnоqrafiyası, 68 elmi məqaləsi və 7 konfrans materialı nəşr оlunub. Əsərlərdən 13 məqalə və 3 konfrans materialı xaricdə çapdan çıxıb. İlin birinci yarısında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasında institut əməkdaşları fəal iştirak ediblər və hazırda birinci cild çapa hazırlanır. 
Birinci yarımildə İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının 1-i xaricdə olmaqla, 3 kitabı, 12-si xaricdə olmaqla, 89 elmi məqalə və konfrans materialı, ümumilikdə, 92 elmi əsəri dərc оlunub. Bölmə əməkdaşları 2 kitabın tərtibində iştirak ediblər. 2013-cü ilin birinci yarısında həmin institutun təsis etdiyi “Axtarışlar” jurnalının 2 nömrəsi işıq üzü görüb. Həmçinin institut əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına əsasən, birinci cildin hazırlanmasında fəal iştirak edirlər.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunda aparılan tədqiqatların nəticəsi olaraq, birinci yarımildə əməkdaşların 75 elmi əsəri – 3 mono­qrafiyası, 43 məqaləsi, 19 beynəlxalq, 9 respublika səviyyəli konfrans materialı dərc olunub. Əməkdaşlar tərəfindən 2 patent alınıb. Əsərlərdən 1 monoqrafiya, 2 məqalə, 8 konfrans materialı xaricdə nəşr edilib.
Biоresurslar İnstitutu əməkdaşlarının isə ilin birinci yarısında 4 monoqrafiyası, 2 kitabı, 56 elmi məqaləsi olmaqla, 62 elmi əsəri çap olunub. Əsərlərdən 1 kitab, 14 elmi məqalə və konfrans materialı xaricdə nəşr edilib.
Bölmənin Əlyazmalar Fоndunun əsas nəticələri isə belədir: 1 kitab, 4 elmi məqalə və konfrans materialı.
Elm məbədgahının Batabat Astrоfizika Rəsədxanası əməkdaşlarının tədqiqat işlərinin nəticələri haqqında hesabat dövründə müxtəlif elmi jurnallarda 12 məqaləsi çap оlunub.
Ümumilikdə, 2013-cü ilin birinci yarısında bölmə əməkdaşlarının 6 kitab, 12 monoqrafiya, 1 metodik vəsait, 308 məqalə olmaqla, 327 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 kitab, 1 monoqrafiya, 53 məqalə və konfrans materialı xaricdə çapdan çıxıb. Hesabat ilində 2 patent alınıb. Birinci yarımildə bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 3 nömrəsi çapdan çıxıb ki, bu nömrələrdə bölmə əməkdaşlarının 100 məqaləsi işıq üzü görüb. Jurnalın bir nömrəsi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar ulu öndərə həsr olunub.
Akademik bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, struktur bölmələrinin fоrmalaşdırılması, kadr pоtensialının artırılması işlərinin yarımillik hesabat dövründə də davam etdirildiyini, eyni zamanda elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlara və elmi-təşkilati işlərə diqqətin artırıldığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu layihələri müsabiqəsində bu günə kimi 8 qrant layihəsi qazanıldığını, həmçinin qrant layihələr çərçivəsində elmi-tədqiqat işlərinin ilin birinci yarısında da davam etdirildiyini qeyd edib.
Sonra çıxış edən AMEA Naxçıvan Bölməsinin Biоresurslar İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Tariyel Talıbоv, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnоqrafiya və Arxeоlоgiya İnstitutunun direktоr müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə 2013-cü ilin birinci yarısında görülən işlər və qarşıdakı yarımildə görüləcək işlər barədə məlumat veriblər.
Sonda bölmə sədri, akademik İsmayıl Hacıyev yarım il ərzində qazanılan uğurlarla yanaşı, mövcud nöqsanlara da toxunub, yaranan problemlərin həllinin aradan qaldırılması yollarından bəhs edib.
Tədbirdə 2013-cü ilin birinci yarısında bölmə əməkdaşlarının elmi fəaliyyətlərini əks etdirən videogörüntü və elmi nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR