AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin bölmənin 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələrinə həsr olunmuş yığıncağı keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün göstərilən diqqət və qayğıdan danışıb. O, dissertasiya mövzuları seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almağın, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük verməyin və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyini vurğulayıb.
Sonra bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri ilə bağlı məlumat verib. Bildirib ki, bölmə üzrə cari ildə 3 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya, 14 nəfər isə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya müraciət edib.
Müzakirələrdən sonra təqdim olunan 19 dissertasiya mövzusu Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi