23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın yaratdığı kitab xəzinəsinin incisi olan “Avesta”, “Kitabi-Dədə Qorqud” və başqa ölməz əsərlər müdrik ideyaları ilə dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün insanlığı valeh edir. Bu mənəvi irsi gil lövhələrdən ibarət olan, papirus, perqament kitabları və nəhayət, onları kağız üzərində yazılmış kitablar əvəz edərək bu günümüzə qədər gətirib çatdırıb. Milli sərvətimiz olan bu qiymətli tarixi kitabların toplanıb mühafizə edilməsində, nəsildən-nəslə çatdırılmasında kitabxanaların böyük rolu vardır. Belə mədəniyyət müəssisələrindən biri Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasıdır. Kitabxana 50 illik fəaliyyəti dövründə muxtar respublikanın ən böyük kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmimizin inkişafında, ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb.

Öncül ziyalılarımızdan olan Əli Əliyev, Şövqi Ağayev, Kərim Həsənov, Yavuz Axundov, Abbas Mehdiyev və başqalarının göstərdiyi köməklik nəticəsində təşkil edilən kitabxana 1968-ci il aprel ayının 23-dən fəaliyyətə başlayıb. İlk vaxtlar 400-ə yaxın kitabla oxucularına xidmət edən bu mədəniyyət müəssisəsinin fonduna qısa zamanda Bakı şəhərində fəaliyyət göstərən kitabxanalardan Azərbaycan, rus və başqa dillərdə olan müxtəlif kitablar hədiyyə edilib.

Milli-mədəni sərvətlərimizə xüsusi qayğı göstərən ümummilli liderimiz­­ Naxçıvan Dövlət Universitetində olarkən kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları ilə təchiz olunması, kitab fondunun informasiya-kommunikasiya texnologiyalarının əsas infrastrukturu olan kompüterlərə köçürülməsi və internet şəbəkəsinə qoşulması haqqında dəyərli tövsiyələr verib.
1999-cu ildə muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu daha da zənginləşdirilib, maddi tədris bazası ən müasir tələblər səviyyəsində qurulub, son model avadanlıqlarla təchiz edilib, yeni tədris korpusunda keçirilən dərslərə uyğun bədii ədəbiyyatlar bu binanın birinci mərtəbəsində yerləşdirilib, digər ədəbiyyatlar kitabxana üçün yenidən təmir olunmuş ikimərtəbəli binaya köçürülüb.
Kitabxanada ənənəvi texnologiyalardan informasiya-kommunikasiya texnologiyalarına keçid 1999-2000-ci illərdə başlanıb.
Elmi kitabxana abunə, məcburi nüsxələr və hədiyyə yolu ilə zənginləşdirilərək müxtəlif elm sahələri üzrə ayrıca fondlarda komplektləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən təkcə 2005-2008-ci illərdə latın qrafikası ilə nəşr olunan kitablardan 30 mindən çoxu kitabxanamıza hədiyyə edilib. Bu proses bu gün də davam etdirilməkdədir. Bu dövlət qayğısının əsasında “Kitabxana fondu nə qədər dəyərli və qiymətli nəşrlərlə zəngin olarsa, oxucuların sorğuları da bir o qədər çox olar” prinsipi durur.
Kitabxanada idarəetmənin təkmilləşdirilməsi üçün yeni tərkibli Kitabxana Elmi Şurası, Ədəbiyyatın elmi kataloqlaşdırılması, Sənədlərin bərpası və surətçıxarma şöbələri yaradılıb. EBSCO elektron məlumat bazasında müxtəlif adda xarici tammətnli elmi jurnallardan internet vasitəsilə istifadə etmək imkanı əldə edilib, kitabxananın avtomatlaşdırılması, müasir kompüter texnologiyalarından istifadə sahəsində bir sıra nailiyyətlər qazanılıb, oxuculara xidmət işində mütərəqqi iş üsulu tətbiq edilib. Müxtəlif illərdə kitabxana əməkdaşları dövlət və universitet rəhbərliyi tərəfindən mükafatlandırılıblar.
Elmi kitabxanada hazırda iki şəbəkə kitabxanası fəaliyyət göstərir. Kitabxanamızın qazandığı ən böyük nailiyyətlərdən biri 1997-ci il aprel ayının 5-də Heydər Əliyev Universiteti Kitabxanasının yaradılması olub. Ulu öndər Heydər Əliyevin həyatı və siyasi irsinin öyrənilməsində bu kitabxana mühüm rola malikdir. Kitabxana 500-dən artıq kitab, jurnal, nadir tarixi sənədlər və arxiv, audio-video materiallarından, albom və bukletlərdən ibarətdir. Buradakı bütün çap materiallarının elektron kataloqu hazırlanaraq kitabxananın saytına yerləşdirilib ki, bu da istənilən məsafədən oxucularımızın dahi şəxsiyyətin irsini öyrənmələrinə və tədqiqat işi aparmalarına imkan verir. Ümummilli liderin həyatının və siyasi fəaliyyətinin öyrənilməsində Heydər Əliyev Universiteti Kitabxanasının böyük rolu vardır.
2000-ci ildə Tibb fakültəsinin nəzdində yaradılan kitabxana ali təhsilli tibb mütəxəssislərinin yetişməsində mühüm rola malikdir. Kitabxanaya 1000-dən çox kitab hədiyyə olunub. Hazırda Tibb kitabxanasında 5000-ə yaxın çap materialı vardır ki, onlardan nəinki Tibb fakültəsinin, həmçinin Təbiətşünaslıq, Baytarlıq təbabəti, Pedaqogika və digər ixtisasların müəllim və tələbələri də bəhrələnirlər.
Muxtar respublika rəhbərinin daim diqqət və qayğı göstərdiyi Elmi kitabxananın binası təmir olunaraq 2013-cü il iyulun 9-da yenidən istifadəyə verilib, burada elektron kitabxana yaradılıb. Yenidənqurma işləri zamanı kitabxanada müasir surətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 20, işçi yeri üçün 10 kompüter, konfrans zalı üçün elektron lövhə və noutbuk alınıb. Elektron kitabxanaya müraciət edən hər bir oxucu Prolib Avtomatlaşdırılmış İdaretmə Sistemi vasitəsilə elektron qeydiyyatdan keçdikdən sonra seçdiyi çap məhsulunu sifariş edə, yaxud elektron köşk vasitəsilə axtardıqdan sonra elektron oxu zalında istifadə edə bilir.
Lib.ndu.edu.az saytı kitabxananın geniş oxucu kontingenti üçün nəzərdə tutulub. Saytda kitabxananın tarixi, strukturu, keçirilən tədbirlər, beynəlxalq əlaqələr, elektron kataloq və elektron kitabxana bölmələri mövcuddur. Prolib proqramı vasitəsilə 4 mindən artıq kitabın elektron PDF-i və 40 mindən artıq elektron kataloq artıq lib.ndu.edu.az saytına yerləşdirilib.
Universitetdə distant təhsil sisteminə keçidlə əlaqədar olaraq lazımi elektron kitab ehtiyacı da məhz Elmi kitabxananın imkanları hesabına ödənilir. 170 mindən artıq kitab fondu olan kitabxanada elmi kataloqlaşdırma, xidmət və fondun mühafizəsi, avtomatlaşdırma və kitabişləmə şöbələri, həmçinin 9 fond və 10 oxu zalı fəaliyyət göstərir. Kitabxanada AMEA-nın həqiqi üzvləri İsa Həbibbəylinin, Məmməd Cəfər Cəfərovun, Budaq Budaqovun, müxbir üzv Saleh Məhərrəmovun, professor Rudolf İvanovun, professor Georgi Xəzainin, fizika-riyaziyyat elmləri doktoru Zöhrab Vəliyevin şəxsi kitab fondları saxlanılır.
Kitabxananın hər bir mərtəbəsində və şəbəkə kitabxanalarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş oxunması zəruri olan kitablardan ibarət sərgi yaradılıb. Müntəzəm olaraq həmin kitabların müzakirəsi təşkil edilir.
Qeyd edək ki, 20 minə yaxın oxucusu olan kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri, dəyirmi masalar keçirilir. Bu tədbirlərin əsas məqsədi kitabxanaya oxucu kontingentinin cəlb olunmasıdır.
Kitabxananın 50 illik yubileyi münasibətilə “Universitet əməkdaşlarının biblioqrafiyası” və “Yarıməsrlik elm məbədi” adlı iki yeni kitab da yaxın günlərdə oxucuların istifadəsinə veriləcək.
Bu gün biz kitabxana kollektivlərinin qarşısında oxuculara xidmət etikasının mühüm tələblərinə əməl etmək kimi bir vəzifə durur. Kitabxanaçı elə keyfiyyətlərə malik olmalıdır ki, oxucu ilə səmimi ünsiyyət yarada, kitabxananın fasiləsiz fəaliyyət göstərməsini təmin edə bilsin. Kitabxanaların canlı orqanizm kimi qiymətləndirildiyi müasir zəmanəmizdə bu mədəniyyət müəssisələrimiz, doğrudan da, həyata keçirdiyi vəzifələr, insanlara xidmət baxımından cəmiyyətin mənəvi inkişafında başlıca rola malikdir. Kitabxanalarımız nə qədər ahəngdar, qüsursuz işləsə, kitabxana işində də bir o qədər böyük uğur qazanılar.

Fariz ƏHMƏDOV
Naxçıvan Dövlət Universitetinin
Elmi kitabxanasının direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR