Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil, Rabitə və Yeni Texnologiyalar, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil müəssisələri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs aparılıb.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunan dərsdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli çıxış edərək əlamətdar hadisə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, Naxçıvanın muxtariyyətinin əsasları 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib.
Qeyd edilib ki, 1998-ci il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Azərbaycan Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası muxtar respublikanın Ali Məclisində qəbul edilib və həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunub. Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının statusunu, muxtariyyətinin əsaslarını, dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini, onların qarşılıqlı əlaqəsini müəyyənləşdirib. Həmin Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasında ilk dəfə Ali vəzifəli şəxs institutu təsis edilib. Bu Konstitusiyanın qəbulu siyasi-hüquqi əhəmiyyətinə görə nəinki muxtar respublikada, bütövlükdə, ölkəmizdə mühüm əlamətdar hadisəyə çevrilib, beynəlxalq təcrübədə nümunəvi model kimi dövlət idarəetməsinin təşkilinin mükəmməl hüquqi bazasını yaradıb.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 220-yə yaxın ümumtəhsil müəssisəsində izlənilib.
Nail ƏSGƏROV