Muxtar respublikamızın ali təhsil və elm müəssisələrində çalışan riyaziyyatçılar sırasında Naxçıvan Müəllimlər İnstitutu Ali riyaziyyat və informatika kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru, muxtar respublikanın Əməkdar müəllimi Yaqub Məmmədovun öz yeri var.
Ömrünü elmə həsr etmiş bu zəhmətkeş alim apardığı elmi-tədqiqatları, riyaziyyatın müxtəlif sahələri üzrə ölkə və dünya elmi mətbuatındakı çıxışları, 40 ildir ki, ali məktəblərimizin auditoriyalarında etdiyi mühazirələri ilə nüfuz qazanıb. Onun yetişdirdiyi riyaziyyatçı kadrlara bu gün muxtar respublikanın bütün bölgələrində rast gəlmək olar.
Yaqub müəllim tələbələrə qayğı ilə yanaşır, əldə etdiyi bilikləri onlara həvəslə öyrədir, müasir təlim üsullarına üstünlük verir, informasiya-kommunikasiya texnologiyalarının həyatımızdakı rolunu nəzərə alaraq tələbələrinin bu texnologiyaların sirlərinə yiyələnməsinə çalışır, istedadlı gəncləri elmi dərnəklərə cəlb edərək onların tədqiqatçılıq bacarığını inkişaf etdirir. İnstitut Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə elmi-tədqiqat işlərinin mövzularının aktuallığına xüsusi diqqət yetirən müəllim həmişə çalışır ki, praktik işlərə çox yer verilsin və tələbələr hələ aşağı kurslardan tədqiqatçılıq vərdişlərini mənimsəsinlər. Bunun üçün tələbələri kiçikhəcmli tədqiqatlara cəlb edir, hazırlanmış işlərin digər tələbələrlə müzakirəsini aparır.
Mühazirələrinin canlı keçməsi üçün öz üzərində ciddi çalışır, güclü elmi mənbələrə istinad edir. Professor Yaqub Məmmədov muxtar respublikada riyaziyyatla məşğul olan gənc elmi kadrların hazırlanmasına da diqqət yetirir.
Onun zəhməti də müntəzəm olaraq öz əvəzini alır. 2017-ci ildə “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə istedadlı gənc mütəxəssislərin hazırlanması, onlara vətənpərvərlik hisslərinin aşılanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, apardığı uğurlu elmi tədqiqatlarına, elmi-publisistik kitablarına, dərs vəsaitlərinə və ölkədə pedaqogika elminin inkişafına göstərdiyi xidmətlərinə görə professor Yaqub Məmmədov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltif olunub.
2010-cu ildə Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin üzvü seçilən Yaqub Məmmədov 1 monoqrafiya, 2 dərs vəsaiti, 4 metodik vəsait, 48 məqalə, 62 tezis, 3 fənn proqramı olmaqla, 120 elmi-metodik əsərin müəllifidir.
Məqalələrindən 13-ü xaricdə (Amerika Birləşmiş Ştatları, İngiltərə, Yaponiya, Çin, Bolqarıstan, Rumıniya, Hindistan, Qazaxıstan, Türkiyə) dərc edilib ki, onlardan 10-u impakt faktoru olan elmi jurnallardır. İştirak etdiyi 33 beynəlxalq konfrans, simpozium və konqresin 13-ü xaricdə keçirilib. Bu tədbirlərdəki çıxışları çoxsaylı mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Bütün bunları mənalı yaşanan alim ömrünə qızıl səhifələr kimi yazmaq mümkündür.
2018-ci ili Yaqub müəllim üçün daha uğurlu illərdən biri saymaq olar. Onun Amerika Riyaziyyatçılar Cəmiyyətinin saytında indeksləşdirilərək yerləşdirilən məqalələrinin sayı 18-ə çatıb. Onu da qeyd edək ki, 2011-ci ildə Yaqub müəllimin bu saytda 8 məqaləsi, 2013-cü ildə isə daha 5 məqaləsi indeksləşdirilərək yerləşdirilib.
Ciddi məhsuldarlıqla çalışan alimin 2018-ci ildə daha 4 məqaləsi müxtəlif elmi nəşrlərdə dərc olunub, 3 beynəlxalq konfransda məruzə ilə çıxış edib. Onun tezisləri, bir fənn proqramı işıq üzü görüb. Həmin məqalələrdən biri xaricdə – Bolqarıstan Respublikasının elmi jurnallarının birində dərc olunub.
Yaqub müəllim bu gün də yorulmadan çalışır, pedaqoji fəaliyyətini, elmi tədqiqatlarını davam etdirir. Bütün bu işlərdə ona müvəffəqiyyətlər, cansağlığı arzulayırıq.
Elşad AĞAYEV
riyaziyyat üzrə fəlsəfə doktoru, dosent