23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Culfa rayonunun qədim yaşayış məntəqələri sırasında olan Ərəzinə də xeyli pay düşüb. Burada kənd və xidmət mərkəzləri, məktəb üçün yeni binalar inşa olunaraq istifadəyə verilib, kəndarası yollara asfalt döşənib, digər quruculuq tədbirləri həyata keçirilib. Bütün bunlar kənd sakinləri tərəfindən insan amilinə qayğı kimi dəyərləndirilib. Ərəzinə böyük diqqətin ifadəsi olan yeni məktəb binasında təhsilin səviyyəsinin yüksəldilməsinə ciddi önəm verilir, burada yaradılmış güclü təhsil ənənələri qorunub saxlanılır. Məlumat üçün bildirək ki, bu il tədris ocağının yaradılmasının 90 ili tamam olur. Bu fakt bizi məktəbə getməyə, təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olmağa sövq etdi.

Bu da məktəb binası... Kəndə xüsusi yaraşıq, məktəblilərə elm, təhsil verən bu ünvandan uzanan yollar neçə-neçə ərəzinlini ölkəmizin ali təhsil müəssisələrinə, elm ocaqlarına aparıb çıxarıb. Bu gün də həmin missiyanı uğurla yerinə yetirir. Ölkəmizin elmi potensialına töhfəsini verməyə çalışır.
Tarixə kiçik ekskurs. Bu gün 410 şagird yerlik təhsil ocağı 1928-ci ildə 4 illik məktəb kimi fəaliyyətə başlayıb. 1932-ci ildə yeddiillik, 1933-cü ildə doqquzillik, 1969-cu ildə isə orta məktəbə çevrilib. Bu illərdə uyğunlaşdırılmış müxtəlif binalarda çalışan təhsil ocağının kollektivi bir sıra çətinliklərlə qarşılaşsa da, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Fəaliyyət göstərdiyi dövrlər üçün ənənəvi tədris üsullarından istifadə edən müəllimlər həm də yeni və mütərəqqi metodların axtarışında olub, yetişdirdikləri məzunların yüksək biliyə yiyələnmələri üçün səy və bacarıqlarını əsirgəməyiblər. Çəkdikləri zəhmət hədər getməyib. Müxtəlif elm sahələri üzrə bu gün fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə sahib olan bir neçə məzunun adını çəkmək olar. Belə ki, məktəb mərhum Malikəjdər İbrahimov, Adil Məmmədov, Sənan İbrahimov, İlyas Məmmədov, Abbas Hətəmov, Səbuhi İbrahimov kimi alimləri ilə fəxr edir. Kollektiv onların ardıcıllarının yetişdirilməsinə səy göstərir.

Bu gün. 50 müəllimin çalışdığı, 308 şagirdin təhsil aldığı məktəb binası 2009-cu ildə istifadəyə verilib. Fizika, kimya, biologiya laboratoriyaları, zəngin kitabxana, elektron lövhəli və kompüter sinifləri təhsilin səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Təhsil ocağında müasir tədris üsullarına geniş yer verilir. Zəngin kitabxanaya malik məktəbdə kitabxana-oxucu əlaqələrinin genişləndirilməsi məqsədilə kitab müzakirələri, disputlar keçirilməsi bir ənənə şəklini alıb. Burada oxunması zəruri olan kitablardan ibarət sərgi təşkil olunub. Müvafiq sərəncamın qəbulundan ötən müddət ərzində bir neçə kitabın müzakirəsində şagirdlərin fəallığı təmin edilib.
Təhsil ocağında görkəmli dövlət xadimi Heydər Əliyevin hamımız üçün örnək olan həyatı və siyasi fəaliyyətinin şagirdlərə çatdırılması diqqət mərkəzində saxlanılır. Ulu öndərin doğum və anım günləri ərəfəsində rəsm, şeir, inşa yazı müsabiqələri keçirilir. Xalqımızın milli və mənəvi dəyərlərinin yaşadılması istiqamətində hazırlanan tədbirlər də davamlı xarakter alıb.
Təhsil ocağında müxtəlif idman tədbirləri təşkil edilir, məktəbin idmançıları rayon və muxtar respublika səviyyəli yarışlara cəlb olunur, şagirdlər fənn olimpiadalarında, test-sınaq imtahanlarında uğurlu nəticələr qazanırlar.
Kəndin şəhid oğlu Mahmud Zeynalovun adını daşıdığı məktəbdə bütün bunlar pedaqoji prosesin düzgün qurulmasının və kollektivin birgə əməyinin nəticəsi kimi diqqəti çəkir.
Ərəzin kənd tam orta məktəbinin yüksək nailiyyətlər qazanmasının sirlərini təhsil ocağının müəllimlərindən öyrənmək istədik. Onlarla həmsöhbət olduq. Müəllimlərin söhbətlərindən hiss etmək çətin deyildi ki, onlar cəmiyyət üçün əsl vətəndaş yetişdirmək kimi məsuliyyətli bir vəzifənin həyata keçirilməsinə böyük önəm verir, bu prosesdə kollektivin hər bir üzvünün fəal iştirakı təmin olunur.
Məktəbin tarix müəllimi Arif Əliyev deyir ki, muxtar respublikada təhsil işçilərinə göstərilən qayğı, onlar qarşısında qoyulan mühüm vəzifələr bir ali məqsədə söykənib: dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər vətəndaşlar tərbiyə etmək. Çünki gələcəyimizin necə olacağı məhz belə vətəndaşlardan asılıdır. Bu məsul vəzifənin yerinə yetirilməsində müasir tədris üsullarına geniş yer veririk. Bu heç də bütün ənənəvi üsulların üstündən xətt çəkmək deyil. Düzdür, bu gün zamanla səsləşməyən bəzi metodlar var, ancaq kollektiv artıq onların özünü doğrultmadığını görür. Məsələn, sübut olunub ki, “Hafizə məktəbi” bugünkü məktəbliyə heç nə vermir. Zaman dəyişdikcə hər gün həyatımıza müxtəlif yeniliklər daxil olur. Həssas müəllim bunu görür və fəaliyyətini də bu istiqamətdə qurur, nəticəsinin uğurlu olması onu daha da ruhlandırır.
Ədəbiyyat müəllimi Nicat Babayev:
– Unutmaq olmaz ki, sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Əgər əlinə jurnal alıb sinfə girən müəllim bunu dərindən dərk edirsə, o, nailiyyət qazanmaya bilməz. Fərdi yanaşma və sinfin ümumi fəallığının təmin olunması tədrisin səviyyəsinin yüksəldilməsində böyük təsirə malikdir. Çalışırıq ki, fəaliyyətimizdə bunları diqqətdə saxlayaq.
İbtidai sinif müəllimi Minayə Babayeva deyir ki, təlim-tərbiyə prosesinin tərkib hissələrindən biri məktəbdə sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsidir:
– Təəssüf ki, bəzən bu tədbirlər tədbir keçirmək xatirinə təşkil olunur. Ona görə də yorucu olur və şagirdin yaddaşında iz qoymur, çəkilən zəhmət hədər gedir. Çalışırıq ki, tədbirlər hazırlananda şagirdlərin sərbəstliyi, təşəbbüskarlığı və fəallığı təmin olunsun. Bunun üçün isə ilboyu müxtəlif əlamətdar və tarixi günlər, bayramlar münasibətilə keçirdiyimiz tədbirlərə ciddi diqqət yetiririk.
Rus dili müəllimi Elmira İmanova təhsilin səviyyəsinin yüksəldilməsində müxtəlif metodlarla yanaşı, şagirdlərin mütaliə mədəniyyətinin inkişaf etdirilməsini də vacib sayır. O, bu işdə məktəb kitabxanasının da üzərinə mühüm vəzifə düşdüyünü deyir:
– Bu gün məktəbimizin kitabxanası klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə zəngindir. Bu xəzinədən istifadə etmək üçün kitab müzakirələrinin keçirilməsini, kitabxanaya gətirilmiş yeni kitabların sərgilərinin təşkil edilməsini diqqət mərkəzində saxlayırıq. Bu da uşaqlara əlavə biliklər verməklə yanaşı, onlarda mütaliə mədəniyyəti formalaşdırır. Kitablardan necə istifadə olunması üçün bütün müəllimlər məsuliyyət daşıyır və yaxşı haldır ki, həmkarlarım bu məsələdə öz vəzifə borclarına həssaslıqla yanaşırlar.
Elmira müəllimə dərnəklərin düzgün təşkilindən, məktəbin tanınmış məzunları, müharibə və əmək veteranları, bu təhsil ocağını bitirib ali məktəblərdə oxuyan tələbələrlə görüşlərin keçirilməsindən danışır:
– Belə tədbirlər şagirdləri həyatda layiqli yer tutmaq üçün daha yaxşı təhsil almağa sövq edir. Onlar məktəbin tanınmış məzunlarının yollarını davam etdirməyi arzulayır, bu arzulara çatmağın təməlində yalnız elmlərin sirlərinə dərindən bələd olmaq durduğunu dərk edirlər.
Məktəbin direktoru Bayram Məmmədovun sözlərinə görə, tədris ocağı bütün müasir avadanlıqlarla təchiz edilib. Müəllim və şagirdlərin ixtiyarına 12 kompüter, 3 elektron lövhə verilib. Yaradılan şərait bəhrəsiz qalmayıb. Ötən dərs ilində 7 məzun ali məktəblərin, 1 məzun isə Tibb Kollecinin tələbəsi adını qazanıb. Onlardan 1-i 500-dən yuxarı bal toplayıb.
Bu il isə məktəbin 22 məzunu olacaq. Onların böyük əksəriyyətinin tələbə adını qazanmaq şansı var. Ötən dövrdə pedaqoji kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmək üçün əzmkarlıqla çalışıb. Şagirdlərin məktəbdənkənar və sinifdənxaric tədbirlərdə, test-sınaq imtahanlarında, müxtəlif istiqamətli digər bilik yarışlarında fəal iştirakları təmin olunub. Məqsəd aydındır: Yaradılan şəraitə əməli işlə cavab vermək, 90 yaşlı məktəbin ənənələrini qorumaq.
Ərəzin kənd tam orta məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu tövsiyəsini əldə rəhbər tutub: “... Uğurlar qazanmaq üçün zəhmət çəkmək, əziyyət çəkmək, intizamlı və tələbkar olmaq lazımdır... Bu ölkəni qorumaq, inkişaf etdirmək üçün onun təhsilli, vətənpərvər insanları olmalıdır”.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR