23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Təhsil Nazirliyinə də bir sıra tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrasının təmin olunması, ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin artırılması, Uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlim-seminarlara start verilmişdir.
Fənn müəllimlərinin peşəkarlığının artırılmasına və fiziki tərbiyə dərslərinin daha yüksək keyfiyyətli tədrisinə köməklik məqsədi daşıyan ikihəftəlik təlim-seminarlarda əsas diqqət nəticəyönümlü yanaşma əsasında müasir təlim üsullarına yönəldilir. Seminar iştirakçılarına gənc nəslin fiziki inkişafında, onların sağlam böyüməsində idmanın rolu, fiziki tərbiyə dərslərinə qoyulan müasir tələblər, dərslərin əsas xüsusiyyətləri, quruluşu və təşkili formaları ilə bağlı geniş məlumatlar verilir.
Müəllimlərin nəzəri biliklərinin, təcrübə bacarıqlarının artırılması üçün təlimçilər tərəfindən açıq idman qurğuları, idman zalları və futbol meydançalarında əyanilikdən istifadə olunmaqla məşğələlər təşkil edilir. Həmçinin idman avadanlıqlarından səmərəli istifadəyə dair təcrübə mübadiləsi aparılır.

Seminarın proqramına uyğun olaraq təlimçilər tərəfindən fiziki tərbiyə fənni ilə bağlı tədris materialının planlaşdırılması, fiziki tərbiyə prosesində ümumpedaqoji təlim metodlarından istifadə, sinifdənxaric fiziki tərbiyə və idman məşğələlərinin keçirilməsi, idman yarışlarının təşkili haqqında məlumatlar iştirakçılara çatdırılır.
Təhsil Nazirliyinin seminarların gedişinə rəhbərlik edən əməkdaşları tərəfindən gənc nəslin fiziki inkişafında, onların sağlam böyümələrində idmanın roluna həsr edilmiş məşğələ tədris olunur.
Qeyd edək ki, 17 dekabr tarixdən başlanan seminarlar 28 ­dekabradək davam edəcəkdir. Şəhər və rayonlar üzrə seminarlar qabaqcıl fiziki tərbiyə müəllimləri tərəfindən aparılacaqdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR