Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının 50 illik yubileyinə həsr edilmiş tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək 1968-ci ilin aprel ayında fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yolundan ətraflı bəhs edib. Rektor 2004-cü ildə universitetin kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə göstərilən yüksək diqqət və qayğı kimi dəyərləndirib. Bildirilib ki, muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu zənginləşdirilib, maddi-texniki bazası ən müasir tələblər səviyyəsində qurulub.
Elmi kitabxananın direktoru Fariz Əhmədov “Yarıməsrlik elm məbədi” mövzusunda çıxışında qeyd edib ki, 2013-cü ildə yaradılan elektron kitabxanada bu günə qədər 4 mindən artıq kitabın elektron PDF-i və 40 mindən artıq elektron kataloq lib.ndu.edu.az saytı vasitəsilə oxucuların istifadəsinə buraxılıb.
Ümumilikdə, 20 minə yaxın oxucusu olan kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri də təşkil olunur. Bildirilib ki, kitabxananın nəzdində 1997-ci ildə Heydər Əliyev Universiteti kitabxanasının yaradılması ümummilli liderin həyatının və siyasi fəaliyyətinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Könül Seyidova “Müasir gənclik və mütaliəyə maraq” mövzusunda çıxış edib.
Sonra kitabxananın əməkdaşları, kitabxanadan müntəzəm istifadə edən müəllim və tələbələr universitetin fəxri fərmanları ilə təltif ediliblər.
Tədbir İncəsənət fakültəsinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda “Universitet” televiziyasının kitabxananın 50 illik fəaliyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. Yubiley tədbiri iştirakçıları “Oxunması zəruri olan kitablar”ın və kitabxana əməkdaşlarının əsərlərinin nümayiş olunduğu sərgilərlə də tanış olublar.
Səadət ƏLİYEVA