Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verildiyini bildirib. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.
Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən Rövşən Məmmədov qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda yüksək nəticələr əldə etmək üçün bu sahənin inkişafı və müasir texnologiyaların bütün sahələr üzrə tətbiqi vacib məsələlərdən biridir. Sürətli və dayanıqlı inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. İstehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Diqqətə çatdırılıb ki, bu ilin əvvəlindən Naxçıvan Dövlət Universitetini bitirmiş 8 məzun nazirliyin müvafiq qurumlarına işə qəbul edilib. Bundan əlavə, nazirliyin dəstəyi ilə təhsildə yaxşı nəticələri olan 8 tələbəyə mobil operatorlar tərəfindən 2018-2019-cu tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində keçirilən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqənin qalibi olan dörd tələbə hazırda “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib. Həmçinin 2017-2018-ci tədris ilində “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün 7 seminar-treninq keçirilib. Bu ilin oktyabr ayında isə nazirliyin mütəxəssislərinin fəal iştirakı ilə Naxçıvan Dövlət Universitetində “İdeyadan-Biznesə” ümumrespublika startap müsabiqəsi qısa müddətdə təşkil edilib.
2018-ci il ərzində Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları ixtisasının 3-cü və 4-cü kurs tələbələrinin, Naxçıvan Dövlət Texniki Kollecində Poçt və bank işi ixtisası üzrə təhsil alan tələbələrin nazirlikdə və onun tabeliyində olan qurumlarda istehsalat təcrübəsi keçmələri təmin edilib, tələbələr bilavasitə praktik işlərə cəlb olunublar. İstehsalat təcrübəsi zamanı tələbələrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təlimlər verilib.
Görüşdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, həmin fakültənin kafedra müdiri Məftun Əliyev, nazirliyin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Hüsniyyə Rəcəbova, tələbələrdən Elşən Əliyev və Zeynəb Əlizadə istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin tələbələrin praktik biliklər əldə etməsində böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
* * *
Dövlət Baytarlıq Xidmətində də Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq ixtisasında təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri xidmətin rəisi Vəli Novruzov açıb. Bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Dövlət Baytarlıq Xidməti və Naxçıvan Dövlət Texniki Kollecinin birgə tədbirlər planı təsdiq edilib. Plana uyğun olaraq nəzəri və praktik dərslər keçilir.
Diqqətə çatdırılıb ki, baytar həkimlər ev heyvanları və quşları, eləcə də insanları zoonoz və zooantroponoz xəstəlikdən mühafizə edir, onların bu xəstəliklərə yoluxmasının qarşısını alır, əhaliyə təhlükəsiz heyvan mənşəli məhsulların satışını təmin edir. Eyni zamanda xaricdən ölkəmizə keçə biləcək yoluxucu xəstəliklərin qarşısını almaq üçün idxal edilən heyvan mənşəli məhsulların keyfiyyətinə davamlı olaraq nəzarət edir, yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə işləri aparırlar. Gələcəkdə bu sahədəki işləri davam etdirmək üçün Baytarlıq ixtisasında təhsil alan tələbələrimizə Dövlət Baytarlıq Xidmətində yaradılmış tədris otaqlarında, laboratoriyalarda nəzəri və praktik olaraq dərslərin keçilməsi tələbələrin elmi biliklərə və zəngin təcrübəyə yiyələnməsinə şərait yaradır. Bu da onların gələcəkdə mütəxəssis kimi formalaşmasında böyük rol oynayacaqdır.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək bildirib ki, peşəkar, səriştəli kadrların yetişdirilməsi üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Tələbələrin baytarlıq vasitələri, süni mayalanma avadanlıqları və laboratoriyadakı müayinə-müalicə vasitələri, cərrahi əməliyyat otaqları ilə əyani tanış olmaları, gələcəkdə onların peşəkar kadr kimi formalaşmasında mühüm rol oynayır.
Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarından Şəmsəddin Nağıyev, Rübabə Hüseynzadə heyvandarlıq sahəsinin inkişafında süni mayalanmanın əhəmiyyəti haqqında ətraflı məlumat veriblər.
Sonda tələbələr Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasının iş prinsipi ilə tanış olublar.
Xəbərlər şöbəsi