Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, son illərdə təhsilimizdə olan davamlı inkişaf, bütövlükdə, ölkəmizdəki müasir təhsil modeli məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, şagird portfoliolarının yaradılması, psixoloqların məktəb mühitini düzgün analizetmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılığın təmin olunmasını ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında mühüm istiqamətlərdən biri də insan kapitalının müasir tələblər səviyyəsində inkişaf etdirilməsidir.
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji kadr hazırlığı istiqamətində görülən işlərdən danışan rektor qeyd edib ki, institutun vəzifələri cərgəsində ən mühümü təhsildə psixoloji xidmətin müasir tələblərə uyğun, düzgün qurulmasıdır. Bu tədris ilindən etibarən institutda ayrıca Psixologiya ixtisasının tədrisi ilə məşğul olunacaq və ilk dəfə bu ixtisas üzrə qəbul aparılacaq. Bu sahə ilə bağlı tədris nəşrlərinin hazırlanması diqqətdə saxlanılacaq ki, bu da psixologiya sahəsində peşəkar mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək diqqətə çatdırıb ki, muxtar respublikamızın ümumtəhsil müəssisələrində psixoloji xidmətin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır. Bu məqsədlə məktəblərdə psixoloq otaqları yaradılmaqdadır.
Vurğulanıb ki, hazırda bir sıra ali təhsil müəssisələrində psixoloq ixtisası üzrə mütəxəssislər hazırlanır. Əvvəlki dövrlərdə müəyyən təhsil yarmarkaları vasitəsilə məktəb psixoloqu vəzifələri tutulmuşdursa, 2018-ci ildən etibarən müsabiqə yolu ilə bu vəzifəyə kadrlar seçilib işə götürülür. Bu illərdə ümumtəhsil məktəblərimizdə müsabiqədən keçmiş 13 psixoloq vəzifəyə təyin olunub.
Qeyd edilib ki, ümumtəhsil müəssisələrində psixoloji xidmətin səviyyəsinin yüksəldilməsi bu gün aktual məsələlərdən biridir. Nazirlik ümumtəhsil məktəblərində müntəzəm monitorinqlər aparır və müxtəlif sahələrdə olan çatışmazlıqların aradan qaldırılması istiqamətində əməli tədbirlər görür. Bu tədbirlər çərçivəsində müəyyən seminarların və konfransların təşkili də mühüm mərhələdir. Bugün keçirilən konfrans da ümumtəhsil məktəblərimizdə aparılmış monitorinqlər zamanı psixoloji xidmətin təşkili səviyyəsində olan çatışmazlıqların aradan qaldırılması məqsədinə xidmət edir.
Məktəb psixoloqlarının başlıca vəzifələrindən bəhs edən nazir vurğulayıb ki, məktəblərdə təkcə psixoloqlar deyil, bütün pedaqoji kollektiv psixoloji xidmət göstərmək səviyyəsinə malik olmalıdır. Müəllim pedaqoq olmaqla yanaşı, həm də müəyyən mənada bir psixoloqdur. Əgər məktəblərdə şagird-psixoloq münasibəti normal səviyyədə qurulsa, bu, istər-istəməz şagirdlərdə sağlam psixologiyanın yaranmasına səbəb olacaq. Nəticədə, şagirdlər bilik və savada yiyələnəcəklər.
Nazir ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması mövzusundakı konfransın, eləcə də konfransdan sonra məktəb psixoloqları üçün təşkil olunacaq birhəftəlik ixtisasartırma kursunun məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Sonra İxtisasartırma və yenidənhazırlanma üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Psixoloji xidmət məsələləri və müasir məktəb”, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyeva “Təhsil müəssisələrində psixodiaqnostika və korreksiya işlərinin səmərəliliyinin artırılması”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimləri Çapay Quliyev “Psixoprofilaktik işlərin təşkili zamanı nəzərə alınması zəruri olan müasir tələblər və psixoloji məsələlər”, Nüşabə Məmmədova isə “Məktəb psixoloqunun müəllimlər və valideynlər arasında apardığı psixoloji maarifləndirmə və konsultasiya”, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Allahyarova “Məktəb psixoloqunun əsas vəzifələri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Natella Rzayevanın “Məktəb psixoloqu necə olmalıdır?” mövzularında çıxışları dinlənilib.
Sonda konfrans iştirakçıları psixoloji xidmət laboratoriyasında avadanlıqlarla, həmçinin psixologiya kabinəsində psixoloji xidmət vasitələri ilə tanış olublar.
Güntac ŞAHMƏMMƏDLİ