“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycan intellektual birincisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən layihə çərçivəsində dörd intellektual oyun – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” üzrə, ümumilikdə, ölkəmizin 70 rayonundan 1500-ə yaxın gənc iştirak edib. Layihə iki mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Bu mərhələdə zona turnirlərinin qalibləri mübarizə aparıblar.
Təşkil olunan yarışda Naxçıvan komandaları bütün intellektual oyunlar üzrə mübarizə aparıblar. Yekun nəticələrə əsasən komandamız “Axtar tap” intellektual oyunu üzrə Azərbaycan çempionu adını qazanıb. “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarında isə komandalarımız ikinci olub. “Xəmsə” milli intellektual oyunu üzrə komandamız finala qədər yüksəlsə də, burada dördüncülüklə kifayətlənib.
Qeyd edək ki, Naxçıvan komandası intellektual oyunlarda göstərdiyi nəticələrə əsasən reytinq cədvəlində ölkə üzrə 3-cü yerdə qərarlaşıb.
Ceyhun MƏMMƏDOV