23 Dekabr 2024, Bazar ertəsi

O, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. 2018-ci ilin ötən dövrü ərzində bir-birinin ardınca Paris, Moskva kimi paytaxt şəhərlərində böyük elmi nailiyyətlər qazanmasından duyduğumuz qürur hissi bizi onunla görüşə apardı. Bu ziyalı, eyni zamanda nəcib, təvazökar qadınla  tanış olub söhbətləşdik. 

Öyrəndik ki, o, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impakt faktorlu nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 2018-ci il 1 fevral tarixdə akademiyanın prezidiumunda bu elm ocağının professoru elmi adını alıb. Elə buradaca Fizzə xanımla söhbət zamanı bir vaxtlar xəyalında canlandırdığı arzularını xatırlamaq yerinə düşər. O deyir: “Hələ balaca bir qızkən həmişə professor olacağam, – deyirdim. Böyüdüm, təhsil aldım, arzuma çatmaq üçün mübarizələr apardım. Lakin səhhətimdə yaranan problemlər arzuma çatmağa yol vermədi. Sən demə, mənim professor olmaq arzum belə gerçəkləşəcəkmiş: 2018-ci ildə Rusiya Federasiyasında”.
Fizzə Məmmədova fevral ayının 20-də isə “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiət­şünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.

Mart ayının 16-19-da Parisdə keçirilən 38-ci Beynəlxalq Luvr sərgisində bir çox Avropa ölkələrinin alim, yazıçı və müəlliflərinin elmi və pedaqoji fəaliyyətinin intensivliyini artırmaq, kitab, mono­qrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşmasını gücləndirmək məqsədilə 30 min kitabın sərgisi təşkil olunub. Fizzə Məmmədovanın üç müəllifdən biri olduğu “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab sərgidə nümayiş etdirilib və sərginin “Qızıl medal”ı ilə mükafatlandırılıb. Həmin kitab aprel ayının 18-22-də Türkiyə, İran, Rusiya, Monqolustan, Polşanın təhsil nazirləri, UNESCO-ya üzv olan ölkələrin nümayəndələri, 1000-dən artıq elm və təhsil müəssisəsinin əməkdaşlarının iştirak etdiyi Mos­kva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil – 2018 sərgisinin diplomuna da layiq görülüb. Kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub. Bütün bu nailiyyətlərdə alimimizin naxçıvanlı qadın kimi təqdim olunması isə, təbii ki, ürəyimizi sevinc hissi ilə doldurur.
Mükafatlandırılan kitabı vərəqləyərkən burada Naxçıvanda su ehtiyatlarının formalaşması, yayılması qanunauyğunluqları ilə yanaşı, həm də zəngin təbiəti olan diyarımızın turizm üçün mühüm əhəmiyyətinin qeyd edildiyini görmək olur. Kitabdan oxuyuruq: “Naxçıvan Muxtar Respublikasının coğrafi və təbii şəraiti bölgədə turizmin inkişafı üçün geniş perspektivlər vəd edir. Burada zəngin mineral su yataqları, dağ çayları, göl və mineral bulaqları, gözəl mənzərəli yerlərin və tarixi mədəniyyət abidələrinin olması eko­turizmin inkişafı üçün əlverişli şərait yaradır. Hazırda muxtar respublikada 150 min hektara yaxın ərazini əhatə edən milli park, təbiət qoruğu, üç yasaqlıq vardır… Muxtar respublikada ekoturizm infrastrukturunun inkişafı istiqamətində artıq müəyyən tədbirlər uğurla yerinə yetirilir. Turizm sahəsində mütəxəssislərin hazırlanması üçün Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə kadrlar yetişdirilir. Eyni zamanda muxtar respublikada müasir otellər və turizm şirkətləri fəaliyyət göstərir…”
May ayında isə Fizzə xanım Yekaterinburq şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirakına və “Rusiya elmi: məqsəd və vəzifələr” adlı jurnalda “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarının kimyəvi, ekoloji problemləri və həlli yolları”, “Naxçıvan çuxurunda atmosferin ekoloji xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazisində yerüstü suların ekokimyəvi xüsusiyyətləri” adlı elmi məqalələrinə görə Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü seçilib. Eyni zamanda onun elektron ünvanı akademiyanın bütün üzvləri arasında yayılıb ki, bu da həmyerlimizin 19 ölkənin kimya və ekologiya sahəsindəki nüfuzlu alimləri ilə qarşılıqlı elmi əməkdaşlıq yaratmasına, gələcəkdə keçiriləcək konfranslarda, sərgilərdə iştirakına şərait yaradır.
May ayı daha bir əlamətdar hadisə ilə də Fizzə xanımın ömür kitabının səhifələrinə həkk olunub. Həyat yoldaşı, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Qiyas Qurbanovla həmmüəllifi olduğu digər bir kitabı – “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” işıq üzü görüb. Kitabda Naxçıvanda atmosfer, litosfer və hidrosferin ekoloji xüsusiyyətlərindən bəhs olunur, müəlliflərin ətraf mühitə və ekosistemlərə baxışı, onların inkişaf və perspektivləri haqqında fikirləri yer alır. Həmin kitab Moskva şəhərində 30 ölkənin 300-dən çox nəşriyyatı­nın elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitablar, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri, sənədli filmlərin nümayiş olunduğu 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında sərgilənib. Kitab elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal”ına layiq görülüb və Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan kataloquna salınıb. Kitabın həmmüəllifləri sessiyada və sərgidə iştirak etmək üçün dəvət alıb.
Dəyərli ziyalı Fizzə xanımla maraqlı söhbətimiz bizi onun gənc­liyinə, təhsil aldığı illərə, ailə həyatına da aparıb çıxardı. Söhbət zamanı öyrəndik ki, o, 1975-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Üç il Culfa rayonunun Bənəniyar kənd məktəbində müəllim işləyib. 1978-ci ildən 1995-ci ilədək isə AMEA-nın Qeyri-üzvi və Fiziki-kimya İnstitutunda çalışıb. Burada işə başladığı il qucağında biryaşlı qızı olan gənc kimyaçı həm də təhsilini davam etdirmək üçün sənədlərini aspiranturaya verir. Elə çalışdığı Qeyri-üzvi və Fiziki-kimya İnstitutunda da əyani təhsil alaraq müdafiə edir. Fizzə xanım o günləri belə xatırlayır: “Həmin il aspiranturaya mənim sahəm üzrə sənəd verən 6 nəfərin arasında tək qadın idim. Körpə övladım olduğu üçün sənədlərimi götürmək istəmirdilər. Lakin əzmkarlığım və aldığım əla qiymətlərlə qəbul olundum və təhsil aldım. Sonralar kimya elmləri doktoru İsmayıl Hüseynov mənim haqqımda çox yanıldığını dəfələrlə etiraf edirdi”.
Fizzə Məmmədova 1995-ci ildən Naxçıvan Regional Elm Mərkəzində əmək fəaliyyətini davam etdirir. Bu il, ümumiyyətlə, akademiyadakı fəaliyyətinin 40 ili tamam olan alim hazırda Naxçıvan Muxtar Respublikasının təbii sularının yayılma qanunauyğunluğu, kimyəvi tərkibi, ehtiyatları, suvarmaya yararlılığının qiymətləndirilməsi üzrə tədqiqat işini davam etdirir.
Fizzə xanım da bütün işləyən analarımız kimi övladları azyaşlı olanda çox əziyyət çəkib. Onların qayğıları, ev işləri, çətin bir sahədə çalışmaq zərif bir qadın üçün ağır olsa da, o, bütün bunların öhdəsindən layiqincə gəlib. İki övladı – qızı və oğlu təhsil alıblar. Özü isə zamanın onun taleyi qarşısında açdığı yolla alnıaçıq, qürurla irəliləyərək bugünkü mövqeyə çatıb. İctimai işlərdə daim öndə gedən qadınlarımızdan olub. 11 ildir ki, Fizzə Məmmədovanın rəhbərlik etdiyi “Təmiz dünya” İctimai Birliyi muxtar respublikada qadın və uşaq hüquqlarının, milli-mənəvi dəyərlərin qorunması, ekoloji şüurun inkişafı və ekoloji mədəniyyətin təbliği, gənclərdə etik-davranış normalarının təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafına yardım etmək üçün maarifləndirmə işləri aparır, beynəlxalq təşkilatların keçirdiyi seminar və təlimlərdə fəal iştirak edir. Keçdiyi zəhmətlə, mübarizələrlə, qayğıkeşliklə dolu həyat yolu Fizzə xanımı muxtar respublikamızın nüfuzlu ziyalı qadınlarından birinə, ləyaqətli həyat yoldaşı, həmçinin 5 nəvənin və 1 nəticənin nənəsinə çevirib.
Bu ailə də onlarla naxçıvanlı ailə kimi dövlət qayğısından yararlanıb. Fizzə xanım bundan böyük minnətdar­lıq hissi ilə danışaraq deyir: “2013-cü ildə bizə hər cür şəraiti olan mənzil verilib. Bu, mənim ailəmə göstərilən böyük qayğıdır. Elə ona görə də bütün ailəm adından bunu yüksək qiymətləndirir və minnətdarlığımızı bildirmək istəyirəm. Hər zaman ­işimizlə, əməyimizlə bu etimadı doğrultmağa çalışırıq”.
Bəzən dəqiq elmlərlə məşğul olan alimlərin başının çoxlarımız üçün əlçatmaz olan bu sahənin çətinliklərinə qarışdığını və onların ədəbiyyatdan uzaq olduqlarını düşünürük. Lakin “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı elmi əsərin son sətirlərini oxuyarkən bu cür fikirləşənlərin haqsız olduğunu təsdiq etdik. Həmin sətirlərdən oxuyuruq: “Bu tədqiqatda durğun göl və dənizlərin bəzən lal sükutunu, dağ çaylarının, şəlalələrin və fırtınalı okeanların gurultulu nəğməsini, təbiətin melodiyasını duydunuz. Rəngsiz bildiyimiz suyun bəzən qəhvəyidən maviyə qədər müxtəlif rənglərə boyandığını gördünüz. Nəticədə, bir damla suyun nə qədər möcüzələr yaratdığını, təbiətin möhtəşəm qüdrət sahibi, həm də onun şah əsəri olduğunu təsdiq etdiniz”.
Biləndə ki, bu sətirləri üçmüəllifli kitaba məhz Fizzə xanım özü yazıb, bu həssas qəlbli qadına nə arzulaya bilərik: Təbii ki, ömrünün tədqiq etdiyi sular qədər uzun, fəaliyyətinin suların axarıtək rəvan, nailiyyətlərinin isə daha çox olmasını.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR