Müasir dünya, eləcə də ölkə təcrübəsi göstərir ki, bu gün biznesi güclü edən yalnız ideya verən insanlar deyil, həm də icraçılardır. O icraçılar ki onlar istənilən məhsulun hazırlanmasında birbaşa iştirak edir, bu prosesdə çatışmayan tərəfləri görür, onu aradan qaldırmaq üçün bilik və bacarığını sərf edir. Sahibkarla sadə işçi arasında dayanan belə icraçılar məhz peşə təhsilli ixtisaslı kadrlardır. Onlar müasir dövrdə istənilən ölkə üçün ən mühüm kapitaldır. Çünki həyatımızın müxtəlif sahələrində çalışan çoxsaylı işçi kollektivlərinin əsasını elə bu cür insanlar təşkil edir. Təcrübə də sübut edir ki, peşə təhsilinə yiyələnmədən iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən sənaye və kənd təsərrüfatını, tikinti və nəqliyyat sektorunu, yüzlərlə məişət xidməti sahələrini inkişaf etdirmək mümkün deyil. Unutmaq olmaz ki, kökü iqtisadi amilə bağlı istənilən sahənin inkişafı ali təhsilli kadrlarla yanaşı, həm də müxtəlif peşə təhsili almış ixtisaslı kadrlardan asılıdır.
Ölkəmizdə də bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib. Qeyd edək ki, bu sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. 2020-ci ilədək olan dövr üzrə strateji baxışa nail olmaq üçün strateji hədəflər və prioritetlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təfsilatlı şəkildə hazırlanıb.
Hazırda muxtar respublikamızda da peşə təhsili ən vacib istiqamətlərdən biridir. Son illərdə Naxçıvan Muxtar Respublikasında gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib və bu işlər davamlı xarakter almaqdadır. Bu sahənin inkişafına yönəldilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq bu gün muxtar respublikada nümunəvi peşə təhsili şəbəkəsi yaradılıb. Naxçıvan, Şərur və Ordubad Texniki-Peşə və Sürücülük məktəbləri, Naxçıvan Şəhər Peşə Liseyi, Regional Peşə Tədris Mərkəzi kimi peşə təhsili verən müəssisələrin fəaliyyəti nəticəsində hər il yüzlərlə gənc müxtəlif peşələrə yiyələnərək iş həyatına başlayır. Məsələn, muxtar respublikanın əmək bazarının tələblərinə uyğun olaraq 2017-ci ildə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 403 nəfər peşə kurslarına cəlb edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində isə 3642 nəfər müxtəlif peşələrə yiyələnib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 36 nəfər aşpaz köməkçisi, ağac üzərində oyma və bərbər peşələri üzrə təşkil edilmiş kurslarda iştirak edib. Cari ilin ilk 9 ayında isə muxtar respublikanın peşə təhsili müəssisələrini 1814 müdavim bitirərək müvafiq təhsil sənədi alıb. Hazırda da peşə təhsili müəssisələrində müdavimlər müvafiq qruplar üzrə təhsillərini davam etdirirlər. Buradan isə o qənaətə gəlmək mümkündür ki, muxtar respublika əmək bazarının tələbləri ixtisaslı kadrlar hesabına təmin olunur ki, bu da iqtisadiyyatın inkişafına öz töhfəsini verir.
Səbuhi HƏSƏNOV