Ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında yol mədəniyyətini inkişaf etdirmək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə yol hərəkətinin təşkili mövzusunda televiktorina keçirilib.
Viktorinada Heydər Əliyev adına tam orta məktəbin III-IV sinif şagirdlərindən ibarət 4 komanda iştirak edib. Hər komandanın tərkibinə dörd şagird daxil edilib. Komanda üzvləri şəkillərdən ibarət test formalı sualları cavablandırıblar. Cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
Qeyd edək ki, şagirdlərin yol hərəkətinin təhlükəsizliyinə dair biliklərinin artırılmasına xidmət edən televiktorina Naxçıvan şəhərinin digər ümumtəhsil məktəblərində də keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti