AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Sankt-Peterburq Universitetinin xəbərləri” jurnalının “Riyaziyyat, mexanika, astronomiya” seriyasının ikinci sayında məqaləsi çap olunub.
“Günəş sistemi ilə ulduz yaxınlaşması zamanı Yupiter orbitinin evolyusiyası haqqında” başlıqlı məqalədə Günəş sistemi ilə yaxınlaşan sınaq ulduzun Yupiter orbitinə təsiri araşdırılıb. Qeyd edək ki, əməkdaşımızın göy mexanikası sahəsindəki tədqiqatları beynəlxalq nüfuzlu jurnalın əvvəlki nəşrlərində də işıq üzü görüb.
Bundan əlavə, Londonda, Oksford Universitetində nəşr olunan “Kral Astronomiya Cəmiyyətinin aylıq xəbərləri” jurnalının ötən saylarının birində çap edilmiş “Ulduz yaxınlaşması zamanı planet hərəkətinin dayanıqlığı haqqında” adlı elmi-tədqiqat işinə çinli tədqiqatçılar Çao Liu və Şenqpinq Qonq “Elliptik məhdud dörd cisim məsələsində peykin Hill dayanıqlığı” adlı məqalələrində istinad etmiş və alınan nəticələr haqqında “Astrofizika və kosmos elmləri” nüfuzlu beynəlxalq jurnalının növbəti sayında məlumat vermişlər.
Qeyd edək ki, sözügedən elmi məqalə orijinal astronomik tədqiqatların nəticələrinin dərc olunduğu və dünyanın bu sahədə nüfuzlu impaktfaktorlu nəşri sayılan “Amerika astronomiya və astrofizika jurnalı”nın redaksiya heyəti tərəfindən yüksək qiymətləndirilib və bununla bağlı redaksiya idarəsinin katibi Cessi Rayt tərəfindən müəllifə məktub göndərilib. Məktubda tədqiqat işinin nəticələrinin aktuallığı, yeniliyi və mümkün tətbiq sahələrinin genişliyi nəzərə alınaraq Azad Məmmədliyə bu istiqamətdə tədqiqat işinin davam edilməsi tövsiyə olunub və ona jurnalın redaksiya heyətinə üzv və nəşrin rəyçisi olmaq təklif edilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi